"Foqts gedəcək, əvəzinə xalasıoğlunu gətirəcəklər, o da bir 7 il ömrümüzü çürüdəcək" MÜSAHİBƏ

15:06 - 14 Oktyabr 2014

"7 ildə Azərbaycan futboluna dəyən ziyanın hesabını kim verəcək?"

 

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin apasport.az saytına müsahibə verib. Maraqlı olacağını nəzərə alıb təqdim edirik. 

 

- AVRO-2016-nın seçmə qrup mərhələsində Osiyekdə baş tutan Xorvatiya  - Azərbaycan matçını izlədiniz?

- Əlbəttə.

 

- Komandamızın  0:6 hesabı ilə uduzduğu oyun barədə nə deyə bilərsiniz?

- Siz hansı oyundan danışırsınız? Bəyəm, Azərbaycan yığması futbol oynayırdı? Hesab hər şeyi deyirsə, nə fikir bildirək?

 

- Millimizin aldığı ağır məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Əslində, mən hesabın belə olacağını gözləyirdim. Belə oyunla hara qədər getmək olar? Hələ müdafiəçilərimizə “sağ ol” demək lazımdı ki, cəmi 6 qol buraxdılar. Rəqibin bu qədər təzyiqinə arxa xətt necə dözəcək? Xorvatiya hücumları ard-arda edirdi. Azərbaycan millisinin üzvləri də insandı. Robot deyillər ki, səhv buraxmamaq üçün başlarına proqram yazasan.

 

- Baş məşqçi Berti Foqts İtaliya ilə görüşlə müqayisədə heyətdə bir neçə dəyişiklik etmişdi. Həmin dəyişiklərin nəticəyə təsiri oldumu?

- Siz öncə Rasim Ramaldanovla Maksim Medvedevdən soruşun ki, nə vaxtsa dayaq yarımmüdafiəçisi mövqeyində oynayıblarmı. Foqtsdu da...

 

- Yəqin ki, almaniyalı çalışdırıcının oyundan sonra təşkil olunan mətbuat konfransında səsləndirdiyi fikirlərlə tanışsınız...

- Məsələn?

 

- Məsələn, Foqts artıq Azərbaycan yığmasında gələcəyinin olmadığını düşünür...

- Onun 67 yaşı var. Bəyəm hələ də gələcək axtarır?

 

- Deyəsən, millidən getmək fikrinə düşüb. Hətta menecerinin AFFA nümayəndələri ilə söhbət edəcəyini vurğulayıb...

- Nə danışacaq meneceri? Deyəcək ki, pulumu verin gedim. Bəs, 7 ildə Azərbaycan futboluna dəyən ziyanın hesabını kim verəcək?

 

- Necə düşünürsünüz: Foqts istefa verərsə, onu yerli, yoxsa əcnəbi mütəxəssis əvəzləməlidi?

- Foqts gedəcək, əvəzinə xalasıoğlunu gətirəcəklər. O da bir 7 il ömrümüzü çürüdəcək. Bu AFFA rəhbərliyinin işidi. Amma millidə çalışan baş məşqçi mentalitetimizi yaxşı bilməlidi.

 

- Azərbaycan mentalitetini əla bilən bir mütəxəssis kimi, yığmanın baş məşqçisi postuna dəvət ediləcəyini gözləyirsiniz?

- Açığı, yox. Çünki məni hədindən artıq sevməyən qüvvələr var. Ona görə sevmirlər ki, mən hər zaman açıq danışıram.  

 

- Tutaq ki, AFFA-dan sizə təklif gəldi. Millidə işləməyə hazırsınız?

- Mənə təklif olsa, həmən cavab vermərəm. Öncə düşünürəm ki, o posta gəlsəm, milli komandaya nə verərəm? Yığdığım reytinqi itirərəm, yoxsa üstünə reytinq gətirərəm? Təəssüf ki, bizim bəzi məşqçilər müqaviləyə qol çəkərkən, sabahlarını düşünmürlər. Hər şeyi götür-qoy etmək lazımdı.

 

- Yığmaya gəlsəniz, ilk işiniz nə olacaq?

- Foqtsun komandaya öyrətdiyi futbol fəlsəfəsini aradan qaldırmaq, futbolçuların beynini təmizləmək lazımdı. Yəni, bu komandanı kotanın altına verib, təzə “yolkalar” əkmək lazımdı.

 

- Bəs hazırda millidə forma geyinən futbolçuların potensialı normal nəticə qazanmağa imkan verir?

- Allah bütün insanlara iki ayaq, iki əl, bir düşünən beyin verib. Bu Messidə də belədi, bizim Ramaldanovda da. Futbolda məşqçi amili böyükdü. Baş məşqçi komandaya yaxşı oynamağı öyrətməli, düzgün taktika seçməlidi. Amma yığma üzvlərində də istək olmalıdı.

 

- Belə çıxır ki, Xorvatiya ilə görüşdə futbolçularda istək yox idi...

- İstək olsaydı, belə biabırçı hesabla uduzmazdılar. Yeri gəlmişkən, mənim sizə bir sualım var, cavab verə bilərsiniz?

 

- Buyurun...

- Dmitri Nazarovu milliyə gətirmişik. O, Azərbaycan Premyer Liqasında oynayan futbolçulardan hansı cəhətdə üstündü?

 

- Bunu siz daha yaxşı bilərsiniz...

- Heç bir şey ilə. Onun yerində Azərbaycan klublarında oynayan o qədər futbolçu var ki... Yeri gələndə, hətta  Nazarovdan üstündürlər. Kim deyir ki, bu ölkədə futbolçu yoxdu? Əgər bütün karyerası boyunca sağ cinah müdafiəçisi kimi çıxış edən Maksim Medvedev dayaq yarımmüdafiəçisi oynayırsa, karyerası boyunca mərkəz müdafiəçisi olan Bədavi Hüseynov sağ cinahda çıxış edirsə, siz millidən nə gözləyirsiniz?

Xəbər xətti