Üzv fiaskoya münasibət bildirdi
AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov millimizin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasına 0:6 hesablı biabırçı məğlubiyyətindən sonra öz münasibətini bildirib.
Sportal.az xəbər verir ki, Mirkamil Rəhimov fiaskonun səbəbini Berti Foqtsda görərək bunları deyib:
"İtaliya yığmasına minimal hesabla məğlub olsaq da,oyundan razı qalmadım. Komandamız bir dəfə də olsun rəqib qapısı qarşısında təhlükəli epizod yarada bilmədi. Xorvatiyayla olan oyun isə artıq fiasko idi. Baş məşqçi başda olmaqla komandanın qarşısına Avro-2016-nın final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq məqsədi qoyulmuşdu. Ən azından qrupda üçüncü yeri tutaraq pley-off-da oynamaq imkanı qazanmaq lazım idi. Artıq üç oyundan sonra o şansımız da qalmadı.
Komandanın bu durumda olmasına baş məşqçi cavabdehdir. Berti Foqtsun mətbuata verdiyi açıqlamanı isə heç cür qəbul etmək olmaz. Foqtsun müqaviləsinin artırılıb-artırılmamasına gəlincə isə, onu dəstəkləyənlərdən biri də mən olmuşam. Amma indi onun müqaviləsinin pozulmasını tələb edirəm. İcraiyyə Komitəsinin üzvləri təcili yığışmalı və mövqeyini ortaya qoymalıdılar. Milli komandanın baş məşqçi postuna kimin gətiriləcəyi haqqında isə heç nə deyə bilmərəm. Bunun üçün fikirləşib düşünmək lazımdı. Baş məşqçinin yerli və ya əcnəbi olması ilə bağlı müzakirə aparılmalı, ondan sonra düzgün seçim olmalıdır."
saytlarin hazirlanmasi