Görməmiş xorvatlar YAZI

10:30 - 15 Oktyabr 2014

Heç olmasa italyanlara baxın, cibinizə daş atın

 

Xorvatlarda bir qram da qonaqpərvərlik yoxdur. Bu, ən azından sayğısızlıq, ən çoxundan isə yekəxanalıqdır. Adam da heç gecənin o vədəsi adamı belə pərişan edər? Mentalitetsizlikdəndir hamısı. Böyük-kiçik, dost-düşmən, qonaq-monaq nədir bilməməyin axırı belə olar da. Özlərini biabır etdilər. Qədirbilməzlər. Daha onlara sözüm yoxdur!

 

Adamın vaxt ola, xorvatlara deyə ki, heç olmasa italyanlara baxın, cibinizə daş atın. Sizdən qabaq bizim bu qəlbi pərişan, sayənizdə gözü yaşlı millimiz onların millisi ilə görüşmüşdü. Oyunda cəmi 3 qol vurdular. İkisini bizə, birini də öz qapılarına. Niyə? Çünki mentalitetləri, adət-ənənələri var. Tarix yaşayıb, tarix yaradıblar. İmperiya olublar. Hər şeyin çoxunu da, azını da görüblər. 4 dəfə dünya çempionu olublar. Siz nə etdiniz? Belə acgözlük olar? Düz 6 qol vurdunuz. Guya 2-0 udsaydınız, xəncərinizin qaşı düşəcəkdi?

 

Heç olmasa biz heç, Bertini fikirləşəydiniz. Qınaq oldu ona. Amma mən Foqtsın bu oyundan sonra pərt olduğunu düşünmürəm. Zənnimcə, o, gərək millimizin sükanı arxasına keçəndən bir müddət sonra pərt olaydı. Təkcə sükanı tutmaq deyil ha. Maşınım əyləci, muftası və sair detal və mexanizmləri var. Gərək, görəndə ki bu mexanizmlər özünü doğrultmur, öz-özünə “Bitte-bitte!” deyib tezbazar bitirəydi bu işi.

 

Xorvatlardan çox incidim. İnanın heç adlarını tutmaq istəmirəm. Gərək belə etməyəydilər. Söz-söhbət gəzir ki, AFFA-nın başında olanlar bu məğlubiyyətdən sonra böyük ürək sahibi olduqlarını sərgiləyə biliblər. Berti əkə ilə çox mülayim olub, könlünü alıblar. Görüblər ki, yenə də pərişandır, daha da kövrək notlara toxunublar. Dərindən ah çəkdiyinə, “ahınız dağlara, günahınız bizlərə” deyiblər. Foqtsun: “Belə şəraitdə işləmək çətindir”, eyhamına, yalvarış dolu baxışlarla baxıblar. Dil olub dillənib, sel olub selləniblər. Yel olub yelləniblər onun qarşısında: “Qəmin kəm, - deyiblər. Polşaya 8, Fransaya 10 top buraxdığımız vaxtlar olub. İndi sən niyə qəm edirsən? Hansı şəraitsizlikdən gileylisən? Düzələr, narahat olma. Təki sən qal Millinin sükanı arxasında!”

 

Millimiz səfərdən dönərkən aeroporta sazəndələr dəvət olunub. Aşıq Altay sazda “Lombada” ifa edib, sonra bayatı çəkib:

 

Əzizinəm aşığı

Yollar ağlar aşığı.

Qapımıza vurulan

Qollar dağlar aşığı...

 

Faiq Balabəyli/Axar.az

Xəbər xətti