İsgəndər Cavadov Rövnəq Abdullayevə kimləri işarə verdi: "O, bəzi adamları AFFA-dan kənarlaşdırmalıdı" YAZI

16:30 - 15 Oktyabr 2014

Vacib qərarların veriləcəyi gözlənir

 

Millimizin Xorvatiyadakı biabırçı məğlubiyyəti futbolumuzdakı real mənzərini tam çılpaqlığıyla ortaya qoydu. Başqa cürə desək, “süni şar” partladı.

 

Artıq futbol adamları da etiraz səslərini yüksəltməyə başlayıblar. Hamı anlayır ki, illərdir xərclənən milyonlar heç bir nəticə verməyib.

 

Son məğlubiyyətlərə kəskin münasibət bildirənlərdən biri də İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovdur. İsgəndər bəy Foqtsu tənqid etməklə yanaşı, daha bir vacib məqama toxunub:

 

“Rövnəq müəllim milli üçün böyük işlər görür və hər cür şərait yaradır. Amma dəyişikliklər etməlidi.  O, bəzi adamları AFFA-dan kənarlaşdırmalıdı. Ad çəkmək istəmirəm. Onlar özləri bunu yaxşı bilirlər. Həmin adamları nə stadionlarda, nə uşaq futbolunda görürəm. Onların AFFA-da sadəcə adları gedir”.

 

Cavadov ad çəkməsə də, o, böyük ehtimalla AFFA-nın vitse-prezidentləri Rauf Əliyev və Elşad Nəsirovu nəzərdə tutub. Çünki Rövnəq Abdullayev kimi, vitse-prezidentlərin də AFFA-da kabinetləri yoxdur. Və hər iki şəxs Azərbaycan futbolunda yalnız millinin oyunlarında stadionlarda peyda olur. Onları nə çempionat, nə də uşaq futbolunun oyunlarında görmək olar.

 

Amma vitse-prezidentlərin futboldan uzaq adamlar olması Rövnəq Abdullayev üçün yenilik deyil. Abdullayevin İsgəndər Cavadovun sözü ilə bu adamları AFFA-dan kənarlaşdıracağı inandırıcı görünmür. Amma...

 

Qeyri-rəsmi məlumatlara görə, ölkə başçısı İlham Əliyev bir məmurun bir neçə vəzifə tutmasına narazılıq bildirib. Xüsusilə, cənab prezident millət vəkilləri ilə bağlı etiraz edib və tapşırıq verib ki, rektor və digər müəissə rəhbərləri Milli Məclisdə təmsil olunmasınlar. AFFA-nın vitse-prezidentlərinə gəlincə, Rauf Əliyev də millət vəkilidir. Mümkündür ki, qeyd etdiyimiz məqam onu ya AFFA, ya da MM-dən uzaq salsın. Elşad Nəsirov da iki vəzifə tutur. O, həm də Neft Şirkətinin vitse-prezidentidir.

 

İstənilən halda AFFA son biabırçılıqla bağlı ən üst səviyyədə hesabat verəcək. Bundan sonra AFFA-nın gələcəyi ilə bağlı vacib qərarların veriləcəyi gözlənir.

 

Emin ABBASOV

Xəbər xətti