Çempion "Qəbələ"ni, flaqman isə "Sumqayıt"ı sınağa çəkəcək YAZI

15:45 - 16 Oktyabr 2014

Premyer Liqada 8-ci tur başlayır

 

Milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilə sona çatır. Sabah 2 oyunla 8-ci tura start veriləcək. “Sumqayıt” “Neftçi”ni, . “Qarabağ” isə "Qəbələ"ni qəbul edəcək.

 

“Neftçi” üçün çətin Sumqayıt səfəri

 

Bu oyunun favoriti kimdir soruşsaq, çoxları birmənalı şəkildə “Neftçi” deyəcək. Təbii ki, flaqman gənclərdən təşkil olunmuş rəqib komandanı hər cəhətdən üstələyir. Ancaq futbolda rəqibin səviyyəsindən asılı olmayaraq, hər komanda üçün qeyri-münasib rəqiblər olur. “Sumqayıt” da “Neftçi” üçün belələrindəndir. Son illərin statistikasına nəzər salsaq, “Neftçi” əksər hallarda Sumqayıtda xal itirir.

 

Bir məsələ də var ki, “Neftçi”nin köhnə-yeni baş məşqçisi Arif Əsədov da bu xoşagəlməz statistikadan xəbərdardır. Əsədovun ən böyük üstünlüyü də odur ki, o, “Sumqayıt”da çıxış edən əksər futboolçuları yaxşı tanıyır. Flaqmanın çalışdırıcısı da, anlayır ki, onun əsas məqsədi komandanı ən əsası rəqibə qarşı düzgün motivasiya etməkdən ibarətdir. Flavinyo və başqaları 90 dəqiqə öz futbolunu oynasalar, “Sumqayıt” “Neftçi”nin qarşısını ala bilməyəcək.

 

“Sumqayıt”ın xeyrinə olan ən vacib məqam doğma meydan amilidir. Sumqayıt futbol şəhəri olduğu üçün komandanın ev oyunlarında azarkeşlər ab-hava yaradırlar. Bu da futbolçulara yaxşı təsir eləyir. Son turda səfərdə 2 top irəlidə olub sonda “Simurq”a 2:3 hesabı ilə məğlub olması isə pis əlamətdir. Bu, onu göstərir ki, rəqib təzyiq göstərəndə, gənclər tab gətirmir.

 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu sabah saat 16:00-da başlanacaq. Oyunu Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Muntyanu Qurban Qurbanovla da tanış olmalıdır  

 

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil eləyən “Qarabağ” “Dnepr” oyunu öncəsi Qəbələ ilə qarşılaşacaq.

 

Turnir cədvəlinə baxanda görürük ki, “Sumqayıtla” oyunda qazandığı inamlı qələbə texniki məğlubiyyətə çevrilməsəydi, “Qarabağ” bu oyuna çempionatın lideri kimi çıxacaqdı.

 

Qeyri-sabit oyun sərgiləyən “Qəbələ” üçün “Qarabağ”la oyun heç də asan keçməyəcək. Hamı bilir ki, Qurban Qurbanovun komandası xüsusilə güclü rəqiblərə qarşı daha yaxşı oynayır.

 

Son iki turda “Neftçi” və “Xəzər Lənkəran”la oyunlarda heç-heçə ilə kifayətlənən Muntyanunun komandası bu oyunda da xal itirəcəyi təqdirdə turnir cədvəlində bir qədər də aşağı enəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı sabah saat 19:30-da başlanacaq. Oyunu Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.    

Xəbər xətti