Dəyərlərin olmadığı futbolumuza görə dəyərdimi? YAZI

17:50 - 16 Oktyabr 2014

Onların deyə bilmədiklərini mən deyirdim efirdən!

 

Hava limanındaydım, Milandan qayıdırdım. Gömrükdə çalışan iki yüksək rütbəli şəxs mənə yaxınlaşdı və “Futbol saatı”nda Rövnəq Abdullayevə etdiyim müraciətlə bağlı fikirlərini bildirdilər, futbolumuz barədə danışdılar. Gördüm ki, futbolumuzun durumu çoxlarını narahat etməyə başlayıb.  

 

Rövnəq Abdullayevə müraciət etdiyim həmin video 3 il əvvəlin olmasına baxmayaraq, son zamanlar “facebook”da minlərlə insan tərəfindən paylaşılıb və paylaşılmaqdadır. İllər əvvəl dediyim fikirlərin bu gün də müzakirə olunması və insanların sözlərimə qüvvət verməsi çox sevindirir məni. 

 

Şərhlərdə isə “bu çıxışdan sonra işdən qovuldu”, “buna görə daha efirlərdə yoxdur”  və s. bu tipli fikirlərə rast gəlirəm. “Xəzər TV”dən ayrıldığım zaman bir çox mətbu orqanlar səbəbini soruşdular. Danışmadım, heç indi də çox şeyi danışmağın mənası yoxdur. Sadəcə, bəzi məqamlara aydınlıq gətirəcəyəm.

 

Reytinqli veriliş olduğu üçün “Futbol saatı” diqqət mərkəzində idi. Ünvanımıza təriflər də var idi, tənqidlər də. Hamını da məmnun etmək olmurdu axı. Veriliş formatına görə daha çox tənqidi xarakter daşıdığı üçün bəzilərini çox narahat edirdi. Bəli, işləmək, ortaya keyfiyyətli iş qoymaq günü-gündən çətinləşirdi. Təsəvvür eləyin, ilin TV futbol jurnalisti mükafatını alanda, rəhbərlikdən təbrik əvəzinə, “nə üçün sən?” sualı ilə üzləşirdim. Özüm də anlayırdım ki, bu gedişlə orada çox qala bilməyəcəm. Elə də oldu. Nə “Xəzər TV” rəhbərliyi mənimlə işləmək istədi, nə də artıq mənim orada qalmağımın mənası qaldı.

 

Həqiqətənmi, tapşırıq Rövnəq Abdullayevdən gəlmişdi? Düzü, mən buna inanmıram. Səmimi fikrimdi, onu futbolumuzun durumuna görə nə qədər tənqid etsək də, Abdullayevi pis insan hesab etmirəm. Sonradan öyrəndim ki, bu məsələdə onun adından istifadə ediblər. Bu, daha inandırcı gəldi mənə. Ancaq ucundan tutub ucuzluğa getmək istəmədim. Bir yerdə ki, sənə güvən yoxdur, orada qalsan nə olacaq, qalmasan nə...

 

O illər ərzində bir çox klublarımızın haqqını qorumuşdum. Və düşünürdüm ki, çətinə düşsəm, onlar da mənim haqqımı qoruyacaqlar. Düşünürdüm ki, futbolumuz üçün etdiklərimizi ən yüksək səviyyədə müzakirəyə çıxardacaqlar, dəstək olacaqlar ki, işimizi problemsiz və daha keyfiyyətli görək. Zaman göstərdi ki, səhv düşünmüşəm. Bu adamlar jurnalistdən fədakarlıq gözləyir, ancaq özləri... Hərçənd, onların deyə bilmədiklərini mən deyirdim efirdən!

 

Dəyərlərin olmadığı futbolumuza görə dəyərdimi? Bəli, futbolumuza görə dəyərdi. Dəyərlərə gəlincə isə, onu da futbolumuza biz gətirməliyik. Davranışımızla, savadımızla futbolumuzu idarə eləyənlərə başa salmalıyıq ki, dəyər olmayan yerdə dəyərli heç nə ola bilməz – nə futbol, nə də futbolçu!

 

Emin ABBASOV

Xəbər xətti