"Azərbaycan futbolunda rəhbərlik dəyişməlidi"
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsində İtaliya (1:2) və Xorvatiyayla (0:6) oyunlarda aldığı məğlubiyyətlər futbol ictimaiyyəti tərəfindən kəskin narazılıqla qarşılanıb. Komanda.az saytına açıqlama verən çılğın futbol azarkeşi kimi tanınan İlqar Həmzəyev federasiyaya istefa mesajı yollayıb:
"6 il əvvəl AFFA-nın baş katibi Elxan Məmmədova millinin başına əcnəbi məşqçi gətirilməsini təklif etmişdik. Amma biz ona deməmişdik ki, qoca Foqtsu gətirsin. Hazırda alman çalışdırıcının əvəzləyicisi kimi Qurban Qurbanovun adı çəkilir. Bu, bizim üçün sevindirici haldı. Qurbanov Azərbaycan futboluna verilən vergidi. Ondan yararlanmaq lazımdı. Məni yandıran digər məqam hazırda Foqtsun işinə mütəxəssis kimi qiymət verən Tərlan Əhmədovun, Kamal Quliyevin, Aslan Kərimovun, Mahmud Qurbanovun dedikləridi. Neçə-neçə faciələrin iştirakçısı olan bu insanlar indi hansı haqla danışırlar?
Digər məqam isə, niyə ancaq Bertini günahkar çıxarırlar? Niyə səhv idarəçilikdən danışmırlar? Niyə ancaq baş məşqçini tənqid edirlər? Niyə AFFA rəhbərliyinin işinə fikir bildirmirlər? Onlar böyükhesablı məğlubiyyətlərinə "o vaxt peraşki yeyirdik, şərait yox idi" deyərək haqq qazandırırlar. Güya başqa ölkələrdə vəziyyət yaxşı idi? Sovet dönəmində "Neftçi"nin bazası üçüncü sırada idi. "Neftçi" doqquzuncu olurdu, şəraiti olmayan "Jalqris" üçüncü. Bunların hamısı bəhanədən başqa bir şey deyil. Rəşad Sadıqov topu öz qapısına vurursa, Foqtsun nə günahı var? Məgər o, demişdi ki, Rəşad, topu qapına vur? Foqtsun ən böyük səhvi müqaviləni uzatması idi. Bilirdi ki, belə şəraitdə uğur qazanmaq mümkün deyil.
Azərbaycan futbolunda rəhbərlik dəyişməlidi. AFFA-ya Sadıq Sadıqov kimi prezident, Tahir Süleymanov kimi vitse-prezident lazımdı. Onların "Neftçi"də gördüyü işlər, qazandığı nəticələr göz önündədi. Başqa ölkələrin futbol federasiyalarında millinin uğursuzluğundan sonra istefalar olur. Hətta qurumların prezidentləri də istefa verirlər. Ancaq bizdə belə deyil".
saytlarin hazirlanmasi