Mən Qurban Qurbanov deyirəm! YAZI

15:30 - 17 Oktyabr 2014

Bu sevgini qazanan Qurbandan yaxşı namizəd yoxdu

 

Qurban Qurbanov! Millinin baş məşqçisi postuna yeganə namizədimin adı və soyadıdı. Bəli, çoxunuz da bunu istəyir. Düz də edir. Səbəbləri çoxdu, obyektiv və subyektivdi. Elə isti-isti bu mümkün təyinat haqda fikirlərimi yazacaq niyə məhz bu məşqçinin gəlişinin, daha önəmlisi isə onun tələblərinin yerinə yetirilməsinin vacib olduğunu qeyd edəcəm.

 

Mənim müstəqil Azərbaycan futbolundakı futbolçu kumirim olan Qurban Qurbanovun milliyə iki məqama görə gətirilməlidi: nəticə və xalq sevgisi. Ölkənin millisi onun ən sevimli komandasıdı. Ona başçılığı xalqın sevdiyi, inandığı, onun üçün istənilən stadionu doldurmağa hazır biri etməlidi. “Qarabağ”dakı fəaliyyəti ilə bu sevgini qazanan Qurbandan yaxşı namizəd yoxdu. Bir ara Böyükağa Hacıyev o səviyyəyə çatmaq üzrə idi, o da son aylardakı ardıcıl qeyri-ciddi açıqlama və hərəkətləri ilə hər şeyi korladı.

 

Nəticə məsələsi də göz önündədi. Qurban “Qarabağ”ı Avroliqanın qrupunda qapazaltı olmayan bir komanda səviyyəsinə gətirib-çıxarıb, müəyyən tərz qazandırıb. Buna qədər isə mütəmadi pley-offa qədər irəliləyərək davamlı inkişaf etməyi bacaran birisi kimi imic qazanıb. 

 

Xarizması yüksəkdi, açıqlamalarında təmkinli, çəkingən olsa da, istənilən rəqibə sayğılı, hörmət görən bir mütəxəssisdi. Hələ də gəncdi, perspektivlidi, özünün millidə sübut etməyə hazır və bunu istəyən biridi. Ölkə futbolunu hamıdan yaxşı bilir, millinin əksər futbolçuları onun rəhbərliyi altında oynayır(b), onun nə istədiyini bilirlər. Bundan artıq nə istəyirik ki?

 

Ancaq təbii ki, işin başqa tərəfi də var. Qurban Qurbanov millinin baş məşqçisi gətirilirsə, ona müvafiq şərait yaradılmalı, tələbləri yerinə yetirilməlidi. O, sistem məşqçisidi. Hər hansı bir tərzi xeyli vaxt ərzində oturdur, mükəmmələ gətirəndən sonra ondan yararlanır. “Qarabağ” buna misaldı.

 

Qurbanov milliyə gəlsə, bütün yaş qrupları üzrə rəhbərlik ona verilməli, bütün bu qruplar onun seçdiyi sistem, taktika ilə oynamalıdı. “Barselona”da olduğu kimi. Yəni əsas milli təxminən “tiki-taka” tərzindəki 4-5-1-lə oynayırsa, U-21 3-5-2, U-19 4-4-2 sxemini seçməməlidi. Məhz bunun nəticəsidi ki, son illərdə aşağıdan gələn futbolçular əsas millidə özünə yer tapa bilmir. Varislik prinsipi işə düşməli, 15 yaşında U-15in şərəfini qoruyan futbolçu, istənilən vaxt əsas millidə müvafiq mövqedə oynamağa hazır olmalıdı. Xorvatiya millimizi tapdaladığı matçla paralel keçən Bolqarıstan-Norveç oyununda qonaqların heyətində 15 yaşlı uşağın debütünün sirri məhz budu.

 

Çox uzatmayaq. Berti Foqtsa göstərilən etimad, verilən dəstəyin yarısı belə Qurbana verilsə, nəticə olacaq. Buna şübhəm yoxdu. Bu ölkədə futbol da var, futbolçu da. Boş-boş danışıb bəhanə axtaran, başımıza gətirdiyi oyunlardan sonra Foqts kimi şərəfsizi hələ də müdafiə etməyə çalışanlara qulaq vermək lazım deyil. Onlar məğlub psixologiyası olanlardı. Hər açılan yeni gün, köhnədən daha yaxşıdı. Azarkeşlər azərbaycanlı məşqçinin arxasında durmalı, ona sona qədər dəstək verməlidi. 

 

Kənan Məstəliyev/Rekord.az

Xəbər xətti