"Yaxamızı kənara çəkməməliyik, acınacaqlı məğlubiyyətə görə biz də məsuliyyət daşıyırıq" MÜSAHİBƏ

03:15 - 18 Oktyabr 2014

Rəşad Sadıqov: "Ən çətin oyumuz "Dnepr"lə olacaq" 
 
“Qəbələ” üzərində 2:0 hesablı qələbədən sonra “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi bu oyunla yanaşı milli komandanın baş məşqçisi Berti Foqtsun istefasına da münasibət bildirib:
 
- “Qəbələ” ylə oyun barədə nə deyə bilərsən?
- Bizim üçün çox ağır oyun oldu. Belə olacağını da gözləyirdik. Çünki 20 gündür komanda bir yerdə məşq etmirdi. Komandada cəmi 4-5 futbolçu qalmışdı. Bu da oyunumuza təsir etməyə bilməzdi. Bu oyuna qədər zədəli oyunçularımız da vardı. Reynaldo zədəli olduğuna görə iki məşqdə iştirak etmişdi. “Qəbələ” həm  yaxşı müdafiə olunurdu həm də sürətli əks hücumlara keçirdi. Bütün bunlarla yanaşı maraqlı və baxımlı oyun alındı.
 
- Milli komandada baş məşqçi dəyişikliyi barədə nə deyə bilərsən. Hətta belə xəbərlər yayılıb ki, mili komandanın baş məşqçisi Qurban Qurbanov olacaq. 
- Bu suala ümumi cavab verəcəyəm. Biz də mətbuatı yaxından izləyirik. Artıq bu məsələylə bağlı bütün mütəxəssislərə “millini çalışdırmaq sizə təklif olunsa gələrsiz?” sualını veriblər. Milli komandaya namizəd olaraq baş məşqçinin adı rəsmı açıqlansa, onda bu barədə fikir yürütmək olar. Əgər belə bir təklif yoxdursa, onda danışmağa dəyməz. 
 
- Qurban Qurbanı yaxından tanıyırsan və vaxtıyla bir yerdə əd oynamısan. Onun milliyə baş məşqçi gəlməsinə necə baxırsan?
- Milli başqa komanda başqa. Milliylə klubu müqayisə etmək düzgün deyil. Hərəsinin öz məsuliyyəti və iş prinsipləri var. Berti Foqtsun gedişi gözlənilməz oldu. Xorvatiya qarşısında ağır məğlubiyyətdən sonra hamı baş məşqçinin üstünə düşdü. Yaxamızı kənara çəkməməliyik acınacaqlı məğlubiyyətə görə biz futbolçular da məsuliyyət daşıyırıq. Futbolda nəticə olmayanda baş məşqçi cavabdehlik daşıyır. Berti Foqtsla altı il bir yerdə çalışmışam. Onun rəhbərliyi altında karyeramın yarısını milli komandada oynamışam. Hər zaman mənə inanıb və etimad göstərib. 
 
- Berti Foqtsun gedişiylə futbolumuz düzələcək?
- Bu barədə saatlarla danışmaq azdır belə. Əgər danışsam əlavələr olacaq və söhbətimiz uzanacaq. 
 
- Avropa Liqasının qrup mərhələsində “Qarabağ” nəvbəti oyununu səfərdə “Dnepr”ə qarşı keçirəcək. Həmin oyundan nə gözləyirsən? 
- “İnter”lə müqayisədə “Dnepr” daha çətin rəqibdir. İtalya klubu hardasa rəqibinə oynamağa imkan verir. “Dnepr” isə daha aqressiv komandadır. Rəqibin heyətində hücuma sürətlə qoşulmağı sevən güclü futbolçular var. Onlar fiziki cəhətdən də yaxşıdırlar.  Qrup oyunları başlayanda açıqlamamda bildirmişdim ki, ən çətin səfər oyunumuz “Dnepr”lə olacaq. Sözsüz ki, onlar da qrupdan çıxmaq üçün mübarizə aparırlar. Ona görə də çalışacaqlar ki, evdə xal itirməsinlər. Bunu nəzərə alanda qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq. 

Xəbər xətti