"Qarabağ" "Dnepr"lə oyunlarda uduzsa…
Millinin son matçlardakı birabırçı oyunları AFFA-nı çətin duruma salıb, Hamı görür ki, AFFA nə qədər inkişafdan danışsa da, bu illər ərzində futbolumuzda ciddi heç bir nəticə olmayıb.
U-17, U-19 və U-21 yığmaları heç bir uğur qazana bilməyib. 6 ildir Foqtsun rəhbərlik etdiyi millinin hansı futbol oynadığı özündən başqa heç kimə məlum deyil: yaradıcı, dağıdıcı, atletik, texniki, yoxsa bir başqa? Alman məşqçi heç millidə sabit heyət də formalaşdıra bilməyib.
Azərbaycan futbolunun bu illər ərzində ən böyük uğuru Qurban Qurbanovun simasında güclü mütəxəssisə yiyələnməsi olub. Di gəl ki, onu da AFFA-da oturanlar sevmir.
Bəli, AFFA çətin duruma düşüb. Yox, düşünməyin ki, Foqtsun gedişi onlar üçün problemdir. Olmasın Foqts, olsun başqa bir əcnəbi… Problem odur ki, futbol ictimaiyyəti, azarkeşlərin böyük əksəriyyəti millinin başında Qurban Qurbanovu görmək istəyir.
Bu durumdan çıxış yolu axtaran AFFA müxtəlif vasitələrlə mətbuata reallığı əks etdirməyən məlumatlar ötürməyə başlayıb. Guya, Qurban Qurbanovla görüş olub, o da Reynaldo ilə Almeydanın milliləşdirilməsini istəyib. Və ya Qurbanov millidə işləməkdən imtina edib. Bütün bunlar ağ yalandır. Qurban Qurbanov müsahibəsində də deyib ki, onunla heç kim görüşməyib və ümumiyyətlə ona millidə işləmək təklif olunmayıb.
AFFA rəhbərliyi hər vəchlə milliyə əcnəbi mütəxəssis gətirmək istəyir. Artıq bir neçə məşqçi ilə danışıqlar da gedir.
Qurban Qurbanovun namizədliyindən qurtulmağın yollarını axtaran Elxan Məmmədov və onun yaxın ətrafının ümid yeri Avroliqa oyunlarıdır. Onlar ümid edirlər ki, “Qarabağ” “Dnepr”lə oyunlarda məğlub olacaq. Bundan sonra isə AFFA-nın təbliğat mexanizmi işə düşəcək və elə ab-hava yaradacaqlar ki, Qurbanov hələ gəncdir və yığmada işləmək onun üçün tezdir.
Əgər Qurban Qurbanov bu oyunlardan yaxşı nəticələrlə ayrılsa… Yox, düşünməyin ki, millini ona verəcəklər. Qurbanov Avroliqada yaxşı nəticələr qazansa, onu zərərsizləşdirmək üçün yeni vasitələr axtaracaqlar.
Emin ABBASOV
saytlarin hazirlanmasi