AFFA-nın danışıq apardığı məşqçilərin adları bizdə: Georgi Hacı və Xristo Stoiçkov ÖZƏL

22:30 - 18 Oktyabr 2014

Yığmanı əcnəbi mütəxəssis çalışdıracaq

 

Berti Foqtsun istefaya göndərilməsindən sonra AFFA vakant posta mütəxəssis axtarır. Hamı bir ağızdan Qurban Qurbanov desə də, futbol başbilənlərimiz millini yenə əcnəbi mütəxəssisə tapşırmaq niyyətindədilər.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, AFFA artıq bir neçə əcnəbi məşqçiylə danışıqlara başlayıb. Onların hər ikisi ötənlərin məşhur futbolçuları Georgi Hacı və Xristo Stoiçkovdur.

 

“Real”, “Barselona”, “Qalatasaray” klubları ilə yanaşı Rumıniya millisindəki çıxışları ilə tanınan Hacı məşqçilik karyerasına 2001-ci ildə başlayıb. Onun ilk  iş yeri Ruminiya millisi olub. Daha sonra “Bursaspor”, “Qalatasaray”, “Timişoara” və “Styaua” klublarında çalışıb. 2010-cu ildə yenidən “Qalatasaray”a qayıdıb. Bir ildən sonra Türkiyə klubundan ayrılıb və o vaxtdan işsizdir.

 

Xristo Stoiçkov da “Barselona” və şərəfini qoruduğu Bolqarıstan millisinin ulduz futbolçusu olub. Stoiçkov məşqçiliyə 2004-cü ildə başlayıb. Hacı kimi onun da ilk iş yeri ölkəsinin milli komandası olub. “Selta”, “Liteks” ÇSKA Sofiya klublarını çalışdıran Stoiçkov bir müddət “Rostov”da  klub prezidentinin müşaviri vəzifəsində də işləyib.

 

Qeyd etdiyimiz kimi, AFFA hər iki mütəxəssislə danışıqlar aparır. Ancaq onlar son seçim olmaya bilər. Yəni, ilin sonuna qədər bir çox əcnəbi namizədlər nəzərdən keçiriləcək. 

Xəbər xətti