Yığmanın başında Qurban Qurbanov olsaydı, daha məzmunlu oyun görəcəkdik YAZI

21:40 - 19 Oktyabr 2014

Hər dəfə “bıçaq sümüyə” dirənəndə

 

Bu günlərin ən aktual mövzusu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun öz postundan istefasıdır. Foqtsun gedişi AFFA rəhbərliyi üçün həqiqətən gözlənilməz oldu. Ən azından ona görə ki, rəhbərlik Xorvatiyaya 0-6 acınacaqlı məğlubiyyət gözləmirdi.

 

İndi deyəcəksiniz ki, axı oyun yox idi. Bəli, sizlərlə tam razıyam. Amma AFFA-nın bildiyi futbol elə bu imiş ki, Foqtsdan türklər demişkən, “bunca sənə narazı olmayıblar”. Hətta iddia edilir ki, Rövnəq müəllim Foqtsun gedişindən bərk sarsılıb. Plan belə idi ki, İtaliya və Xorvatiya yığmaları ilə səfərdəki oyunlardan maksimum bir xal, minimum isə normal sayılacaq minimal məğlubiyyətlər. Foqtsun taleyi sırf Bakıdakı Norveç ilə oyun üzərinə hesablanılmışdı ki,olmadı.

 

Necə deyərlər, olmuşla ölmüşə çarə yoxdur. Gəlin, real danışaq. Heç kəs, amma heç kəs zəmanət verə bilməz ki, həmin gün Xorvatiyaya qarşı yığmamızın başında başqa birisi  olsaydı, qələbə qazanardıq və ya heç-heçə edərdik. Amma mən bir şeyi iddia edə bilərəm ki, əgər yığmanın başında Qurban Qurbanov olsaydı, daha məzmunlu oyun görəcəkdik və bu gələcəyə dair müsbət siqnallar verəcəkdi. Ola bilərdi ki, Norveç ilə Bakıdakı oyunda da qələbə qazanacaqdıq.

 

Hə, gəldik sözümün mustafasına. Bax, əgər həmin oyunda qələbə qazansaydıq, deyəcəkdilər ki, bəs nə oldu, deyirdiz Berti işləmir? Dilləri uzanacaqdı. Amma bir şeyi untmayaq ki, axı, bu futbolu oynanayanlar da insandı, cəmiyyətə, dost-düşmən içinə çıxırlar. Siz ola bilər ki, nə mətbuatla maraqlanırsız, nə də işinizlə. Amma futbolçular azdan-çoxdan oxuyur. Həmin o xal qazandığımız oyunların heç birində Berti Foqtsun əməyi olmayıb. Oyunçuların əzmkarlığı ilə qələbə qazanmışıq. Yəni, hər dəfə “bıçaq sümüyə” dirənəndə oyunçular oyuna itirəcəkləri heç nə yoxmuş kimi çıxıblar. İtirəcəyi heç nə olmamaq çox pis şeydir. Sırf bunun sayəsində monqolllar neçə əsrlər boyu dağda saxladıqları marallara tüpürüb, düşüblər çölün düzünə və bütün Avrasiyaya qorxu salıblar Neçə əsrlər boyu Rusiya kimi nəhəng dövləti əsarətdə saxlamışlar. Bunu siz dansanız belə oyunçular yaxşı bilir. Futbol  motivasiya, stimul və əzmkarlıq oyunudur. Bax, bu indi sadalaqdıqlarım illərdir bizim AFFA rəhbərliyinin gözündən pərdə asıb.

 

Yenə də gec deyil, nəsə etmək olar. İşləmək istəyən üçün həmişə iş var. Yığmanın növbəti baş məşqçisi orta yaşlı, hələ nailiyyətlər qazanamağa ehtiyacı olan, yığma komandaya sırf pul qazanmaq və qazandırmaq naminə gəlməyən, özünü sübut etməyə çalışacaq, aşağı yaş qrupları üzrə planları olan, Azərbaycan futbolunu bilən, hər təlim məşq toplanışında PFL-dən 3 həftə oğurlamayan, əvəzində PFL-dən növbəti beş il üzrə indidən Premyer Liqada legioner limitini tələb edəcək, nəticə hər nə olursa olsun, məsuliyyəti boynuna götürəcək, xarakter sahibi, dünya və ələlxüsus Avropa futbolunu bilən, psixoloqluq bacarığı olan, boş vədlər verməyən, istənilən rəqibin qapısında təhlükəli epizodlar yaradan bir komanda yaratmağa söz verə biləcək bir yerli baş məşqçi lazımdır.

 

Yazdıqlarım lap tapmacaya bənzədi və hər kəsin ağlına bir məşqçi gəldi. Mən Rövnəq bəyin yerində olsaydım, Qurban müəllimdən bərk yapışardım. Əgər yox, illah ki tərslik edəcəksiniz, onda xaricdən “Hannover”in baş məşqçisi  Tayfun Korkutu mütləq komandaya baş məşqçi təyin edər və ona da işləmək üçün möhlət verərdim.

 

İndi özümü qoymaq istərdim potensial baş məşqçinin yerinə. Tutaq ki, mənə müraciət olunsaydı, necə davranardım. Ilk sualım belə olardı: hörmətli AFFA rəhbərliyi, əvvəlcə siz mənə deyin görüm, yığmada lipaların leyhinəsinizmi? Əgər hə cavabı alsam, tələb belə olardı. Onda PFL mütləq olaraq Premyer Liqada legioner limitini ləğv etməlidir. İkinci tələbim Almeyda və Reynaldo milliləşdirilməlidir. Hətta gələcəkdə tələbimə uyğun legionerləri milliləşdirəcəksiniz. İstəyirsiniz evləndirin, istəyirsiniz boşayın. Babalı Sərvərin boynuna.

 

Yox, əgər sualın cavabı “yox, nə danışırsınız təbii əleyhinəyik desələr”, anda ilk olaraq, bütün lipa oyunçuların milli pasportları geri alınsın və Premyer Liqada legioner statusunda sayılmasını tələb edərdim. İkincisi, tələb edərəm ki, Preimyer Liqada komandaların sayı 12-yə çıxarılsın. Liqanın formatı olduğu qaydada saxlanılsın. Legioner limiti 6 yerli + 5 əcnəbi şəklində olsun, yaş limitləri tətbiq edilmədən  və qarşıdakı 5 il üçün dəyişiklik edilməsin. Premyer Liqanı heç bir komanda tərk etməsin. Onsuz bizim aşağı divizion konkret olaraq həvəskar liqasıdır.

 

Keçən altı il ərzində Berti Foqts üçün ayrılmış büdcə və şərait pulun illik inflyasiya və alıcılıq qabiliyyəti nəzərə alınmaqla eyni qaydada təmin olunsun. Hər tsikldan əvvəl oyunçulara ümumi stimul məbləği söz verilsin. Tutaq ki pley-offa qalsaq filan məbləğ, əsas mərhələyə vəsiqə qazansaq filan qədər. Oyunçularla milli komanda fonunda pul-para məsələləri tsikl boyu gündəmə gəlməməlidir. Yeganə hesabat verəcəyim şəxs AFFA rəhbəri olacaq. Onsuz da İcraiyə Komitəsi boş şeydir. Hər şey Rövnəq bəyin ağzından çıxan iki kəlməyə bağlıdır.

 

Elnur AZƏRİSOY

Xəbər xətti