"Külli miqdarda pul xərcləyən klubların akademiyaları indiki durumda olmalı deyil"
Artıq iki gündən sonra U-17 komandamız AVRO-2015-in seçmə mərhələsində mübarizəyə başlayacaq. 10-cu qrupda yer alan millimiz Belçika, İsveçrə və Bosniya və Hersoqovina milliləri ilə elit-raunda çıxmaq uğrunda mübarizə aparacaq.
Futbolun inkişafı zəncirvari prosesdir. Bu gün hamının ağız dolusu danışığı İslandiyanın U-17 yığması da artıq elit-raunddadır. U-21 yığması Avropa çempionatının final mərhələsində oynayıb. Acı nümunə kimi isə Türkiyəni göstərə bilərik. 2004-cü ildə Avropa çempionu, 2005-də isə dünya dördüncüsü olan Türkiyənin U-17 komandası AVRO-2015-in seçmə mərhələsəni 0 xalla başa vurub.
Azərbaycanın aşağı yaş qruplarının da göstəriciləri göz oxşamır. Bizim maksimumuz elit-raunddur. Heç bu mərhələyə də çox vaxt vəsiqə qazana bilmirik. Bütün bunlarla bağlı “Qarabağ”ın U-17 komandasının baş məşqçisi Ayxan Abbasova müraciət etdik. Sportal.az saytına açıqlama verən Ayxan bəy uşaq futbolunda problemlərin çox olduğunu dedi:
“U-17 millisini yaxından tanıyıram. “Qarabağ”dan da bir neçə futbolçu milliyə cəlb olunub. Bu komandanın yoldaşlıq oyunlarını izləmişəm və baş məşqçi Mirbağır İsayevlə də çox söhbətlərimiz olub. Mirbağır müəllim döyüşkən komanda yaradıb və onların Avropa çempionatında rəqiblərlə layiqli mübarizə aparacağını düşünürəm. Səfərə yollanmamışdan öncə “Sumqayıt”ın əvəzediciləri ilə yoldaşlıq oyunu keçirdilər. Çox yaxşı təsir bağışladı mənə U-17 millimiz. İnanıram ki, seçmə mərhələdə nəticə verəcəklər.
Biz hələ Avropa səviyyəsindən çox geri qalırıq. Bilirsiz, hamı deyir uşaq futbolundan başlamalıyıq, ancaq hələ də heç kim başlamır. “Qəbələ”və “Bakı”dan başqa heç bir klubun meydançaları yoxdur. Uşaqlar süni örtükdə məşq edirlər, ot üzü görmürlər. Amma Avropada əksəriyyət ot örtükdə oynayır. Düzdü, 10 il əvvəllə müqayisədə şərait yaxşılaşıb. Ancaq futbola külli miqdarda pul xərcləyən klubların akademiyaları indiki durumda olmalı deyil.
Bir çox çatışmazlıqlar var ki, bu səbəbdən biz nəinki Avropa yığmaları, heç Gürcüstan, İslandiya kimi də nəticələr göstərə bilmirik. Çünki həmin ölkələrdə futbolun inkişafı kompleks şəkildə aparılır”.
Qeyd edk ki, U-17 millimizin yer aldığı 10-cu qrupun oyunları Belçikada keçiriləcək. Mirbağır İsayevin rəhbərlik etdiyi millimiz oktyabrın 23-də Belçika, oktyabrın 25-də İsveçrə, oktyabrın 28-də isə Bosniya və Hersoqovina ilə görüşəcək. Məlumat verək ki, elit-raunda qrupda ilk iki yeri tutan komanda yollanacaq.
saytlarin hazirlanmasi