"İstefa özünü doğrultdu"
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- "Sumqayıt" üzərində qazandığınız qələbəni necə şərh edə bilərsiz?
- Rəqib bu oyunda bir daha göstərdi ki, liderlər qrupunda qərarlaşması təsadüfi deyil. Onlara qol vurmaq çox çətindi. Hər iki komandanın qol vurmaq şansları vardı. Amma biz bir qol vuraraq qalib gəldik. Fikrimcə, onların qalib gəlməsi də layiqli olacaqdı. "Sumqayıt" hələ çoxlarının əsəbləri ilə oynayacaq.
- Qarşıda "İnter"lə oyun var...
- Ciddi rəqibdi. Amma biz hər oyunda daha da yaxşı çıxış etməyə çalışırıq. "İnter"lə oyunda da qələbə qazanmağa çalışacağıq.
- Böyükağa Hacıyevi Arif Əsədovun dəyişməsi ilə "Neftçi"də nə dəyişib?
- İstək daha çoxdu. Bu, o demək deyil ki, Hacıyevin dövründə istək az idi. Sadəcə, yeni baş məşqçi, yeni enerji var. "Neftçi" daha yaxşı oynamağa başlayıb. Əsədov komandanı yaxşı vəziyyətdə qəbul etməmişdi. Hələ ki, işinin öhdəsindən gəlir.
- Berti Foqtsun yığmamızdan gedişini necə qəbul etdiz?
- Xorvatiya darmadağınından sonra nəyisə dəyişməyə ehtiyac vardı. İstefa özünü doğrultdu. Əks halda komanda Norveçlə də oyuna inamsız çıxacaqdı.
- Komandanı Norveçlə oyuna Mahmud Qurbanov çıxaracaq...
- Bu barədə danışmaq mənim işim deyil. Amma bir neçə ildi Azərbaycanda oynayan biri kimi onu deyə bilərəm ki, baş məşqçi postu yerli mütəxəssisə tapşırılmalıdı.
- Amma böyük ehtimalla əcnəbi baş məşqçi gətiriləcək...
- Sizin Böyükağa Hacıyev, Qurban Qurbanov kimi məşqçiləriniz varsa, əcnəbi baş məşqçini neynirsiz? Amma kimin gəlməsindən asılı olmayaraq, Azəbaycan yığması daha artığına layiqdi.