"Verilişlərdə qonaqlara "bunu demək olar, bunu olmaz" göstərişləri verilsə də..."

14:40 - 21 Oktyabr 2014

"Futbol saatı"nda qonaqların fikirlərinə hörmət edildiyi, montajın olmadığı sezilir"

 

Berti Foqtsun istefaya getməsindən sonra futbol ictimaiyyəti Azərbaycan futbolunun problemləriylə bağlı müzakirələr aparır.

 

Ancaq bəzi telekanallarda problem mahiyyətinə uyğun olaraq qabardılmır, həqiqətlər ört-basdır edilir. Oktyabrın 20-də “Xəzər” telekanalında yayımlanan “Futbol saatı” verilişi isə istisna olub.

 

Sənan Abdullayevin təqdimatında Ceyhun Rzayev, Ceyhun Sultanov və Erkin İbrahimovun qonaq olduğu proqramda AFFA rəhbərliyinin açıq və sərt şəkildə tənqid olunması diqqət çəkib.

 

Bu məqam tamaşaçıların da diqqətindən yayınmayıb. Çılğın futbol azarkeşi kimi tanınan İlqar Həmzəyev Komanda.az-a açıqlamasında verilişdən razı qaldığını bildirdi:

 

“Azərbaycanın efir məkanında az sayda futbol verilişi var. Onlardan biri də “Futbol saatı”dı. “Qol” və “TOP TOP” proqramları mənə doğma olsa da, Sənan Abdullayevin təqdimatında yayımlanan verilişi çox bəyəndim. Bu verilişdə hər şey demokratik şəkildə idi.

 

Digər verilişlərdə qonaqlara “bunu demək olar, bunu olmaz” göstərişləri verilsə də, burda tam azadlıqdı. Başqa telekanallarda qonaqların fikirləri istənilən formada montaj edilir. “Futbol saatı”nda qonaqların fikirlərinə hörmət edildiyi, montajın olmadığı sezilir.

 

Buna görə Sənan bəyə təşəkkürümü bildirirəm. “Futbol saatı”nda çıxış edən Erkin İbrahimovun da çıxışını bəyəndim. O, bir çoxunun söyləməyə cəsarət etmədiklərini efirdə açıq şəkildə bildirdi. Ona təşəkkürümü bildirirəm. Erkin bəy kimi insanlar Azərbaycan futbolunun idarəciliyində çalışmalıdı.

 

Mən Emin Abbasovu da ölkə futbolunun idarəetmə sistemində görürəm. Onlar yaxşı jurnalist olmaqla yanaşı, futbolun incəliklərini də öyrəniblər. Yaxşı bilik və bacarıqları var. Onların xidmətindən yararlanmaq lazımdı. Bu, bizim üçün vacibdi”.

 

Heybət Məmmədov

Xəbər xətti