"Azərbaycan millisindən fərqli, "Qarabağ" daha ciddi rəqibdi" MÜSAHİBƏ

14:45 - 21 Oktyabr 2014

"Əgər Azərbaycan çempionatında oynayan bir komanda qrup mərhələsinə qədər gəlibsə"

 

Xorvatiya yığmasının və Ukraynanın “Dnepr” klubunun müdafiəçisi İvan Striniç apasport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Öncə milli komandadan başlayaq. 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasını 6:0 hesabı ilə məğlub etdiniz. Bu matç haqqında nə deyə bilərsiniz?

- Sizin yığma bizdən öncə İtaliya ilə qarşılaşmışdı. Komandanız həmin matçı yaxşı keçirsələr də, 1:2 hesabı ilə uduzdu. Amma Xorvatiya daha güclüdü. Bizim millidəki futbolçular Avropanın tanınmış klublarında çıxış edirlər. Luka Modriç, İvan Rakitiç, Mario Mandcukiç kimi futbolçuların heyətimizdə olması komandamızın gücünün nə dərəcədə olduğunu göstərirdi. Amma Azərbaycan yığmasında nəinki bu səviyyədə, heç Avropanın ortabab komandalarında oynayan futbolçunuz yoxdu. Məncə, bu problemli məsələdi. Hər hansı yığmanın yaxşı çıxış etməsi üçün onların futbolçuları ən azından qitənin ortabab klublarında oynamalıdı. Ona görə də nəticəni normal sayıram.

 

- Hesabın belə böyük olacağını gözləyirdiniz?

- Qətiyyən. Maksimum 2:0 və ya 3:0 hesabı ilə qalib gələcəyimizi düşünürdüm. Amma 6:0 oldu. Doğurdan da gözlənilməz nəticə oldu. Çünki millinizin Bolqarıstan və İtaliyaya qarşı oyunlarını izləmişdim. Heç də zəif təsir bağışlamadılar. Hər iki görüşdə :2 hesabı ilə uduzdular. Əslində, bizimlə matça da yaxşı başladılar. İlk hissədə normal oyun göstərirdilər. Daha doğrusu, 3-cü qola qədər normal müdafiə olunurdular. Amma ikinci hissədə komandanız tamamilə çökmüşdü.

 

- Azərbaycan yığmasının qrupda 3-cü yerə iddia etməsini necə qiymətləndirisiniz?

- Bu, inandırıcı deyil. Bu oyunla sizin qrupda xal qazanmağınız belə çətin görünür. Düşünürəm ki, qrupumuzda 3-cü yeri Norveç tutacaq. Çünki onlar son matçda da Bolqarıstanı məğlub etdilər. Yaxşı oyun göstərirlər. Fikrimcə, 3-cü yer uğrunda elə bolqarlar da mübarizə apara bilərlər.

 

- Millimizin bəzi futbolçuları ilə yenidən qarşılaşmaq imkanınız var. Avropa Liqasının qrup mərhələsinin III turunun oyununda komandanız “Qarabağ”la üz-üzə gələcək ki, yığmamızın kapitanı Rəşad Sadıqov, müdafiəçilərdən Maksim Medvedevlə Qara Qarayev də bu klubda forma geyinir. Ümumiyyətlə, “Qarabağ” haqda hansı məlumatlara maliksiz?

- Desəm ki, yaxşı tanıyıram, düzgün olmaz. Rəqib haqda az-çox nəsə bilirəm. Əgər Azərbaycan çempionatında oynayan bir komanda qrup mərhələsinə qədər gəlibsə, bu yaxşı haldı. Bundan öncə “Sent-Etyen” və “İnter”ə qarşı yaxşı mübarizə apardılar. Qrupda keçirdikləri oyunların da bir hissəsinə baxmışam.

 

- “Qarabağ”a “Qafqazın “Barselona”sı” deyirlər. Bunu eşitmisiniz?

- Yox. Amma bilirəm ki, “Barselona”nın “tiki-taka” sisteminə oxşar oyun tərzləri var. Bu bizim üçün problem olacaq. Şəxsən mənim fikrimcə, Azərbaycan millisindən fərqli, “Qarabağ” daha ciddi rəqibdi. Kiyevdə bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Çox çətin komandalarla eyni qrupda yer almışıq. İnanıram ki, növbəti mərhələyə adlaya biləcəyik.

 

- Azərbaycan klubunun heyətində tanıdığınız futbolçu var?

- Əvvəllər “Qarabağ”da oynamış Miro Varvodiçi tanıyıram. Onunla bu komanda haqqında söhbətimiz olmuşdu. Miro mənə dedi ki, Azərbaycanda futbola yaxşı pullar yatırılır. 5-6 komanda var ki, maliyyə vəziyyətləri çox yaxşıdı və güclü futbolçular transfer edirlər. İndiki qapıçıları İbrahim Şehiçi də tanıyıram. O, əvvəl Bosniya və Herseqovina millisində oynayıb.  

 

- Bəs “Dnepr” qrupdakı şansı barədə nə deyə bilərsiniz?

- Fikrimcə, bu qrupda favorit yoxdur. Bütün komandaların növbəti mərhələyə adlamaq şansı var. “İnter”in gücü onsuz da hər kəsə bəllidi. “Sent-Etyen” də Fransa çempionatından gəlib. Onlar da güclü liqada çıxış edirlər. “Qarabağ” da güclü komandadı. Maraqlı mübarizə gedəcək. “Dnepr” yaxşı komandadı. Amma Avropada daha böyük klublar var. Gəlin, reallıqla barışaq ki, biz bu gün Avroliqanın qalibi ola bilmərik. Ən azından qrupdan çıxmağa çalışacağıq.

 

- Hər halda, komandanızın heyətində Ukrayna millisinin üzvləri də var...

- Hər komandada 3-4 güclü futbolçu olur. Bizdə də Yevgeni Konoplaynka kimi futbolçu var. Hansı ki, onu Avropanın top-komandaları öz heyətinə qatmaq fikrindədi. Amma bir futbolçu ilə bütün  komandanın taleyi həll olunmur. Kollektiv şəkildə oyun göstərmək və nəticə qazanmaq lazımdı.  

 

 

Elsevər MƏMMƏDOV

Xəbər xətti