"Qarabağ" Reynaldoya görə uduzmadı"
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Sabah sizi "Dnepr"lə çətin oyun gözləyir...
- Çox güclü rəqibdi. Bu ölkədə ciddi problemlər var. Amma mənə elə gəlir ki, oradakı xaos ölkə futboluna qətiyyən təsir göstərməyib. Həm də biz Kiyevdə oynayacağıq. Rəqibin çox güclü və təcrübəli futbolçuları, legionerləri var. Oyunlarına baxmışam və bilirəm ki, "Dnepr" bizə problem yarada bilər. Amma oyuna ciddi hazırlaşmışıq.
- Yevgeni Konoplyanka və Bruno Qama kimi futbolçulara qarşı mübarizə aparmaq sizin üçün çətin olmayacaq?
- Biz meydana çıxanda rəqibə, onun oyunçularına fikir vermirik. İlk növbədə öz oyunumuzu düşünürük. "Qarabağ" öz oyununu göstərməyi bacarsa, problemimiz olmayacaq. Biz həmişə kollektiv futbol sərgiləməyə çalışırıq.
- Belə çıxır ki, "Qarabağ" "Dnepr"in liderlərindən çəkinmir?
- Konoplyanka məni keçsə, Qara Qarayev məni sığortalayacaq. Oyun zamanı hər şey ola bilər. Əsas odu ki, bu oyunçular "Dnepr"ə nəticə qazandıra bilməsin. Razıyam, rəqibin futbolçusu məni keçsə də, qol vura bilməsin. "Dnepr"i müdafiəyə çəkilməyə məcbur etməliyik, hücuma keçməyə yox.
- Sizi narahat edən hansısa amil var?
- Hava çox soyuqdu. Amma mənə elə gəlir ki, oyunumuz alınsa, hər şey qaydasında olacaq.
- "İnter"lə səfər oyununa "Qarabağ" çox fəal başlamışdı. Kiyevdə də bunun təkrarlanmasını gözləyə bilərik?
- İtaliyada bizdən elə startı heç kim gözləmirdi. Amma hamı gördü ki, "Qarabağ" adlı-sanlı rəqibindən qətiyyən çəkinmirdi. Düzdü, bəzi səhvlərə yol verdik, iki qol buraxdıq. Amma asanlıqla təslim olmadıq.
- Reynaldo İtaliyada qol vurmaq şansını boşa verdi. Kiyevdə ondan qol gözləməyə dəyər?
- Əlbəttə, biz ondan qollar gözləyirik və ona inanırıq. Reynaldonu "İnter"ə qol vurmadığına görə tənqid edənlər çoxdu. Amma "Qarabağ" Reynaldoya görə uduzmadı. O, qol vuranda qəhrəman idi, "İnter"ə qol vura bilmədiyinə görə fərqli söhbətlər dolaşır. Belə olmaz. Reynaldonun qol vurmasını hamı istəyir.
- Razısız ki, "Qarabağ" Kiyevdə məğlub olsa, qrupdan çıxmağınız böyük ölçüdə mümkünsüz olacaq?
- Biz məğlubiyyət haqda düşünmürük. Mümkündü ki, uduzaq, amma qələbə də qazana bilərik. Amma bu oyundakı istənilən nəticə bizim qrupdan çıxmaq şanslarımıza təsir göstərməməlidi. İlk dəfədi qrup mərhələsində oynayırıq, ona görə özümüzü göstərmək istəyirik. Hələ "Dnepr" və "İnter"lə ev oyunlarımız da var.