"İnter"dən uzaqlaşdırılan direktor barədə Cavhangir Hacıyevə nə çatdırılıb və holland Roland klubda hansı işi görəcək?

14:55 - 23 Oktyabr 2014

Gözlənildiyi kimi, "İnter"də kadr dəyişikliyi baş verib. Əslində bunu kadr dəyişikliyi yox, inqilab da adlandırmaq olar. Əcnəbilər klubdakı yerliləri devirib. Direktor Natiq Məmmədov, menecer Sərxan Həsənov və Fərəc Əliyev işdən uzaqlaşdırılıb. Baş məşqçi Kaxaber Sxadadze ilə Natiq Məmmədovun münasibətləri həmişə gərgin olub. Gürcü mütəxəssis 2 dəfə klubdan getmək istədiyini bildirib. Sxadadze hələ Avroliqanın "Elfsborq"la cavab matçından sonra "klubda bəzi adamlar heç bir iş görmür" demişdi. 

 

Ancaq onu inadından "İnter"in bolqar prezidenti Georgi Nikolov daşındırdı. Sonuncu dəfə "küsəndə" "ya mən, ya da Məmmədov" tələbini irəli sürmüşdü. Həmin vaxt Nikolov onu inandırmışdı ki, klubun sahibi Cahangir Hacıyevlə danışıb məsələni həll edəcək. Problem indiki halda Kaxaya görə həllini tapmayıb. Səbəblər başqadı və birbaşa baş məşqçiyə aid deyil. Düzdü, direktorun qaldığı hər gün Sxadadzeni narahat edirdi və işinə mane olurdu.

 

Çünki Natiq Məmmədov "inter"də özündən başqa heç kimi tanımır və qəbul etmirdi. Dominantlığa öyrəşmiş gürcü çalışdırıcı isə bu, arzuolunmaz halıydı və gözləmək olardı ki, iki qoçun başı bir qazanda çox qaynamayacaq. Beynəlxalq Bankın təhlükəsizlik xidmətinin sabiq məsul şəxsi "İnter"də hakimiyyətim tamamilə öz əlinə almaq fikrindəydi. Nikolovla Sxadadzenin adamlarını klubdan uzaqlaşdırmaq üçün addımlar atan direktor prezident idə ciddiyə almırdı.

 

Ötən mövsümün axırına yaxın Zaur İsmayılovun əvəzedici heyətin baş məşqçi vəzifəsindən getməsinə səbəbkar olan, bununla Sxadadzeni qəzəbləndirən, gənc futbolçuları sərt tonda danlayan, klub əməkdaşlarına kefi istəyəndə "sizi işdən qovaram" söyləyən Məmmədova "dur" deyən olmalıydı. Nikolov ona hesabat verməkdən imtina edən direktor barədə bütün informasiyaları Hacıyevə çatdırıb. Klubda "Kaxanın ən yaxın adamları" kimi tanınan Sərxan Həsənovla Fərəc Əliyevi öz tərəfinə çəkən Natiq bəy güman etmirdi ki, baş bankir ondan bu tezliklə üz çevirər.

 

Bolqar prezident direktoru "zərərsizləşdirmək"lə baş məşqçiyə yaxınlaşıb. Kaxaya jest edən Nikolov bütün məsuliyyəti üzərinə götürüb. Məmmədov dünən günortayadək inanmayıb ki, vəzifədən uzaqlaşdırılar. İş saatının sonuna yaxın ona bildirilib ki, sabahdan azaddı. Belədə vaxtından əvvəl kabinetinin qapısını kilidləyən direktor əşyalarını topalamadan "İnter Arena"dan ayrılıb. Saytımızın aldığı məlumata görə, yeni idman direktoru əcnəbidi. "Neftçi"dən kənarlaşdırılan Tahir Süleymanovun burda peyda olması şayiədi.

 

Düzdü, onun qardaşı Məzahir Süleymanzadə Cahangir Hacıyevin prezidenti olduğu Bakı Futbol Federasiyasında vitse-prezidentdi və bu iki şəxsin arası yaxşıdı. Ancaq Məmmədovun yerinə gələcək şəxs Hollandiyadan gətirilib. Roland adlı funksioner 3 gündü Azərbaycandadı və artıq "İnter"in infrastrukturu ilə yaxından tanışdı. O, faktiki olaraq vitse-prezident səlahiyyətlərini də yerinə yetirəcək. 

 

Mənbə: Sportinfo.az

Xəbər xətti