"Qarabağ"ı belə xarakterizə etdi: "90 dəqiqə "Spartak"ın üslubunda oynamağı sevən, hazırlıqlı bir komandadır" MÜSAHİBƏ

17:15 - 23 Oktyabr 2014

Araz Naxçıvan”ın ukraynalı futbolçusu Ruslan Zubkov Avropa Liqasının qrup mərhələsində bu gecə keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu ilə bağlə ölkəsinin mətbuatına müsahibə verib. Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- Ruslan, hər şeydən əvvəl, ukraynalı, xüsusən də dnepropetrovsklu azarkeşlərə püşkün müəyyənləşdirdiyi “Dnepr”in rəqibi - “Qarabağ” haqda nə deyə bilərsən? Asan rəqibdir, yoxsa bu komandanın özünə məxsus cəhəti varmı ki, ondan çəkinməyə məcbur edir?

- Mən “Dnepr” və “Qarabağ”ın bütün azarkeşlərinə baxımlı futbol və yaxşı, ədalətli oyun arzulayıram. Püşk haqqında deyə bilərəm ki, çempionatların reytinqinə baxmayaraq, futbol idmanın ən gözlənilməz növüdür. Konkret olaraq, “Qarabağ” hazırda Azərbaycan çempionatının ən güclü komandalardan biridir. Onlar sürətli futbol oynamağı sevirlər. Ona görə də “Dnepr” bu oyunlara ciddi hazırlaşmalıdır.

 

- Cari mövsüm ölkə çempionatında komandan “Qarabağ”la qarşılaşmayıb. Həmin oyun niyə təxirə salınıb?

- Bəli, “Qarabağ”la III turda qarşılaşmalı idik və bu görüş onların avrokuboklarda oynamasına görə təxirə salınıb. Onların ilk oyunda uğurlu çıxış etməsi üçün bu təxirəsalınma həyata keçirildi. Çünki Azərbaycan komandaları üçün hələ iki cəbhədə mübarizə aparmaq çətindir. Belə desək, həm çempionat, həm də avrokuboklarda oynamağa gücləri çatmır.

 

- Komanda kimi “Qarabağ” haqda nə deyə bilərsən? Onlar hansı üslubda oynayır, liderləri kimdir, hansı oyunçularından ehtiyat etmək lazımdır?

- “Qarabağ” haqqında bir şeyi deyə bilərəm. Bu, çempionatda 90 dəqiqə “Spartak”ın üslubunda oynamağı sevən, hazırlıqlı bir komandadır. Onlar topu yaxşı saxlayır, hücumlara tez qoşulmağı və əks-hücumları sevir. Bunun üçün onlarda Reynaldo, Riçard Almeyda kimi sürətli futbolçular var. Bu futbolçular haqda deyə bilərəm ki, onların oyunu alınsa, “Dnepr”ə müdafiədə asan olmayacaq.

 

- “Qarabağ” çempionatda 7 matçdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb. Belə nəticə onları ruhdan salmalıdır?

- “Qarabağ” bu gün 14 xala malikdir və ikinci pillədədir. Bu hələ çempionatın əvvəlidir. Əminəm ki, onlar itirilmiş xalların əvəzini çıxaracaqlar. Hazırda onlar liderdən cəmi 1 xal geri qalırlar. Həmçinin "Qarabağ"ın Premyer Liqada bizimlə oyunu təxirə salınıb. Üstəlik, bayaq dediyim kimi, onlara iki cəbhədə oynamaq çətindir. Bu, komanda üçün yenilikdir.

 

- Azərbaycanda püşk haqqında nə danışırlar? Onlar “Dnepr”dən və Ukraynaya səfərindən nə gözləyirlər?

- Burada hər kəs “Qarabağ”dan qrupdan çıxmağı gözləyir. Amma “Qarabağ”ın konkret olaraq, “Dnepr”lə oyunlardan nə gözlədiyini bilmirəm. Əminəm ki, onlar çempionatda “Çernomorets” üzərindəki qələbədən sonra "Dnerp"in birinci pillədə olmasını bilirlər. Bu, onlarda qələbə ruhunu yüksəldib. Bu mənada “Qarabağ”ı ciddi mübarizə gözləyir.

 

- Azərbaycan komandasının və “Dnepr”in bu qrupdakı şanslarını necə dəyərləndirirsən?

- Şanslar barəsində deyim ki, futbolla bağlı proqnoz verməyi xoşlamıram. Çünki həmişə deyəndə səhv edirəm (gülür). Ona görə də mən sadəcə gözəl futbola baxmağı və bundan zövq almağı sevirəm. “Dnepr” və “Qarabağ”a layiqli oyun arzulayıram. Təbii ki, qrupda “Dnepr”ə azarkeşlik edirəm!

 

Mənbə: Qol.az

Xəbər xətti