Bu da sizə Qurban Qurbanov
Kiyevdə oyuna başlarkən azarkeşlərimizin “Qarabağ, Qarabağ” hayqırtıları bütün arenanı bürümüşdü. 90 dəqiqənin tamamında da belə olsaydı, düşündüm...
“Qarabağ” Avroliqanın qrup mərhələsində bəlkə də, ən çətin oyununu keçirdi. Heç İtaliyada “inter”lə oyunda da bu qədər çətin olmamışdı. Kiyevdə “qara” oyun getdi, qəliz oyun alındı. “Dnepr” bizi fiziki gücü hesabına əzmək istədi. İstədi, amma bacarmadı.
Qurban Qurbanov rəqibi yaxşı analiz etmişdi. Oyun başlayan kimi Reynaldo ilə qol epizodu yaxaladıq. Az sonra qol da gəldi. Muarem ustacasına topu topra atdı. Bundan sonra isə geri çəkildik, nə özümüz oynadıq, nə də rəqibə imkan verdik. Buna rəğmən ikinci hissədə Muaremlə daha bir real qol epizodu yaratdıq. İllərboyu Foqtsa başa salmaq istədiyimiz də bu idir ki, müdafiəyə 11 nəfərlə yığılıb, lakin bununla belə hər beş dəqiqədən bir topun dirəkdən qayıtması yaxşı müdafiə olunmaq deyil. Fikir verdiszə, “Dnepr” 90 dəqiqə ərzində yüz faizli qol epizodu yaxalaya bilmədi. Hə, qapımız önündə təhlükələr yarandı, ancaq demək olmaz ki, inanılmaz qol şansı qaçırdılar.
Bu görüş həm də Rəşad Sadıqov üçün əlamətdar oldu. Son zamanlar kapitanı çox tənqid edirdik, hamımız onun üstünə gedirdik. Sadıqov “Dnepr”lə oyunda sona qədər döyüşdü və onun başçılıq etdiyi müdafiə xətti bu çətin sınaqdan üzü ağ çıxdı. Qurbanov son dəqiqələrdə Admir Telini də döyüşə atmaqla rəqibin əl-qolunu tamamilə bağladı.
Qələbənin memarı Qurban Qurbanov tarix yazdı. O, Azərbaycanda Avroliqanın qrupunda qələbə qazanan ilk məşqçi kimi tarixə düşdü. Qurbanov bu ölkədə hələ çox tarixlər yazacaq. Yeri gəlmişkən, Qurbanovun bizə bayram yaşatdığı bu dəqiqələrdə bəzi AFFA rəsmilərinin, paxıllığından içini yiyən bəzi yerli məşqçilərin matəmidi. Milliyə əcnəbi məşqçi gətirmək istəyənlər ümid edirdilər ki, “Qarabağ” bu matçda uduzacaq və onlar deyəcəklər ki, Qurban hələ cavandı. Bəzi işsiz mütəxəssislərimiz gözləyirdilər ki, “Qarabağ” uduzsun ki, desinlər Qurbanı şişirtməyin. Bu da sizə Qurban Qurbanov! Nə onun uğurları, nə də Qurban sizin deyil. O, bizim Qurbandı, xalqın Qurbanıdı. Siz sevməyin, onu xalq sevir, xalq!
Azərbaycan futbolu belə tarixi qələbələrə çoxdan acımışdı. Söhbət yalnız Kiyevdə qazanılan qələbədən getmir. Bu qələbə həm də, pley-off pəncərsinin bir tayını açdı. Növbəti mərhələyə çıxacağımız gün də uzaqda deyil.
Bu gün “Qarabağ” yenə Avropaya səs saldı. Bizimlə artıq hamı hesablaşır. Çünki bizə hər yer Qarabağ!
Emin ABBASOV
saytlarin hazirlanmasi