Siz gülün, paxıllar ağlasın! YAZI

15:00 - 24 Oktyabr 2014

"Qarabağ" irəli gedəcək, millimiz isə bu gedişlə elə qapazaltı qalacaq

 

Vay, vay, vay... Təsəvvür eləyirəm, “Qarabağ”ın bu qələbəsi bəzi qara fikirli insanları elə qara günə salıb ki...

 

Dünən biz “Qarabağ”ın qələbəsini gözləyirdik, bəziləri isə məğlubiyyətini. İndi onların halını təsəvvür edirəm.

 

Əvvəlcədən də yazmışdım ki, AFFA rəsmiləri “Qarabağ”ın Avroliqada fiaskosunu arzu edirlər. Onlar heç bir halda Qurbanovu milliyə gətirmək istəmirlər. Lakin bunu necə əsaslandıracaqlarını bilmirlər. Ona görə də, onların əsas ümid yeri Avroliqadır. “Qarabağ” uduzsun, onlar da desinlər ki. Qurban hələ cavandı.

 

Dünən Elxan Tağızadənin müsahibəsini oxudum. Çoxlarınız onu tanımır, heç tanımasaz yaxşıdır. Futbolla əlaqəli hansısa ictimai birliyin prezidentdir. Bir Elxana 7 ildir futbolun nə olduğunu başa sala bilmirik, indi ikincisi peyda olub. Tağızadə yeni fikir irəli sürüb ki, milliyə italyan məşqçi lazımdır. Bu fikir haradan çıxdı? Çox sadə. Bir müddət əvvəl statistika hazırlamışdıq ki, əksər federasiyalar yerli məşqçilərə güvənir. Əcnəbilərə gəlincə, italyanlar üstünlük təşkil edir. Onlar 4 yığmaya rəhbrlik edirlər. El dilində desək, “dəlinin yadına daş saldıq”. İndi fikirləşirəm ki, dostumuz Natiq Muxtarlı düz deyirdi. Qurban Qurbanov bu AFFA-nın millisində işləməli deyil. Qurban Qurbanov çox böyüyüb, amma bu adamlar Qurbanovun savadına dəyər verəcək qədər böyümüyüblər. Ona görə də, “Qarabağ” irəli gedəcək, millimiz isə bu gedişlə elə qapazaltı qalacaq.

 

AFFA-da əyləşənlərin dərdini başa düşdük, adamlara azərbaycanlı məşqçi sərf eləmir. Bəs bəzi yerli məşqçilərimizə nə olub? Bu gün Natiq Muxtarlı “facebook”da status paylaşıb: “Azərbaycanlı məşqçilərdən biri "Qarabağ" bu qrupda 3 xaldan artıq toplasa, it kimi ulayaram" demişdi”. O gün də oxuyuram ki, Gəray Qarayev deyir ki, Qurban Qurbanov nə məşqçidir ki, onu şişirdirsiz? Hələ bunlar içindəkini dilə gətirənlərdir. Gör, indi bu xisləti ürəyində daşıyanlar nə qədərdir?

 

Adam bəzən danışmaq istəmir ki, ayıbdı. Hər məşqçinin özünə görə savadı, öz futbol baxışı, öz iş prinsipi var. Ancaq deyəsən, bunlara yerinə göstərmək məqamı yetişib.

 

Kimsiz axı siz? Qurban Qurbanov “Rusenborq” u keçib pley-off-a qədər irəliləməsəydi, çoxdan azərbaycanlı məşqçiləri siyahıdan silmişdilər. Mən o vaxtları yaxşı xatırlayıram. Azərbaycanlı məşqçilərə “fərsiz”, “moşennik” damğası vurulmuşdu o dönəmdə. Qurban Qurbanovun tarixi zəfəri bu baxışı asta-asta dəyişdi. Çünki bizim mütəxəssislər arasında həqiqətən də, savadlı, dürüst olanlar az deyil. Ancaq bu gün ən üzdə olanınız Qurbanovdu. O, dayanmadan üzərində çalışır, müasir futbolu yaxşı qavrayır.

 

Özünə güvənən məşqçi heç vaxt başqasının paxıllığını çəkməz. Məqamını gözləyər və özünü isbat edər. Amma bəziləri oturub gözləyir ki, “Qarabağ”da eniş başlasın, onlar da ağına-qarasına baxmadan Qurbanovu tənqid etsinlər.

 

Eniş isə mütləq olacaq. “Barselona”dan tutmuş “Mançester Yunayted”ə qədər hamı müəyyən müddətdən sonra eniş yaşayır. Son illərin ən bəyənilən komandası Dortmund “Borussiya”sı Almaniya çempionatında 14-cü yerdə gedir. Bizdə “Qarabağ” 8-9-cu yerdə getsəydi, Qurbanov haqqında deyilməyən acı söz qalmayacaqdı.

 

Ucundan tutub ucuzluğa getmək istəmirəm. Buna son qoyun, aydıbdır, ayıb!

 

Emin ABBASOV

Xəbər xətti