Qurbanova çox şey borcluyuq
“Qarabağ”ımız tarix yazdı! Fəxrimizsən,“Qarabağ”! Başda doğma torpaqlarından didərgin düşmüş bütün qarabağlılar olmaqla, bütün dünya azərbaycanlılarını belə bir qələbə münasibətilə təbrik edirəm. Yəqin,elə bugün mətbuatda Berti Foqtsun “Qarabağ”la bağlı qıcıqlandırıcı və qısqanc düşüncələrini oxuyacağıq. AFFA rəhbərliyi, sizləri də təbrik etmək istərdim, heyif, amma nədənsə sizin də bu qələbəyə siravi azarkeşlər qədər sevindiyinizi düşünmürəm. Niyəsini məndən yaxşı bilirsiniz.
“Dnepr”in baş məşqçisi Markeviçin dediyi kimi, ağıllı oynadıq və oyunçularımızın oyuna motivasiyası maksimum dərəcədə idi. Həddimizi bilərək oynadıq, ən əsası da budur. Ağıllı oyun və oyunçuları maksimum dərəcədə oyuna hazırladığı üçün Qurbanova çox şey borcluyuq. Oyunda ən çox sevindirici məqam o idi ki, futbol şansı və futbol bəxti bizim yanımızda idi. Oyunboyu cərimə meydançamıza doğru hava ilə göndərilən topların heç biri qarmaqarışıqlıq əsnasında qapımızdan keçmədi. Futbolda belə halların az şahidi olmuruq. Belə qollarda artıq baş məşqçini qınamaq da olmur.
Daha bir nüans isə faydalı iş əmsalı idi. Qapıya endirilən 3 zərbədən biri qol oldu. Çumbinyonun yoxluğu isə görünürdü. Belə oyunlarda yaxşı bir hücumçuya da ehtiyacımız var. Çünki Reynaldo cinahlar da da xeyirli ola bilər. Çox heyif ki, Emeqara Avroliqada “Qarabağ”a kömək edə bilmir.
Ümumiyyətlə transfer məsələlərində daha ayıq-sayıq olmaq lazımdır. Əgər biz bu gün “Qarabağ”ın Avropa sayağı futbol oynadığını deyiriksə, onda gərək klub rəhbərliyi də Avropa sayağı təşkilatlansın. Artıq qarşıya konkret məqsəd qoyub, məqsədəuyğun transferlər etmək olar. “Qarabağ” klubunun rəhbərliyindən bütün futbol azarkeşləri adından yeganə xahişim budur ki, Qurbanova mətbuata bildirdiyiniz qədər güvənin və büdcəni məqsədəuyğun müəyyən edin. İnanın mənə, sizin investisiyanız “ölü kapital” olmayacaq. Adi dildə desək, “qaz gələn yerdən toyuq əsirgəməzlər!”
Amma qələbə bizi aldatmamalıdır. Bakıda bizi çox çətin oyun gözləyir. Yersiz sarı vərəqələrdən qorunmaq lazımdır. Avroliqa da qısa marafon deyil və yersiz cəzalar onsuz da oyunçu seçimlərində məcburiyyətlərimiz olduğu vaxt bizə əlavə çətinliklər yarada bilər. Deyərdim ki, Bakıda bizi son 15 dəqiqənin davamı gözləyir. Yenə də Qurban Qurbanova güvənirik. İnanırıq ki, bu dəfə də rəqibi düzgün analiz edəcək.
Elnur AZƏRİSOY
saytlarin hazirlanmasi