Saatlarla, günlərlə, həftələrlə təkrarlanan təmrinlərin bəhrəsidir
Son illər sərgilədiyi oyunla futbolsevərlərin rəğbətini qazanan “Qarabağ” ilbəil daha da təkmilləşir. Bu illər ərzində Qurban Qurbanov da məşqçi kimi xeyli irəli gedib. Daim öz üzərində çalışan Qurbanovun müasir futbol savadı komandanın oyununda da özünü büruzə verir.
“Qarabağ”ın “Dnepr” üzərində tarixi qələbəsi bizlərə o qədər sevinc bəxş etdi ki, bəzi məqamlara fikir vermədik. “Dnepr”lə oyunda ən əsas məqam komandamızın vurduğu qol idi. Sehiç topu Muaremə atır, makedoniyalı futbolçu topu Almeydaya verir, yenidən qəbul eləyir və qol vurur. Cəmi 8-9 saniyəyə öz qapımızdan topu rəqib qapısına gətirib çıxarırıq, 3 ötürməyə qol vururuq. Bir sözlə, ideal hücum qururuq.
Bir də “Tvente”yə səfərdə vurduğumuz qolu xatırlayın. Komandamızı müdafiədən hücuma çıxaran Rəşad Sadıqov Almeydaya ötürmə verir. Almeyda topu Aqolliyə, alban futbolçu isə Muaremə ötürür və qol olur. Yenə 3 ötürmə və qol. Savadlı mütəxəssislər təsdiqləyər ki, bu, çətin bir işin bəhrəsidir. Saatlarla, günlərlə, həftələrlə təkrarlanan təmrinlərin bəhrəsidir.
Əfsanəvi Valeri Lobanovski iddia edirdi ki, yaxşı məşqçi o deyil ki, əlində olan futbolçulara uyğun taktika qursun. Yaxşı məşqçi o kəsdir ki, öz futbol fəlsəfəsindən geri çəkilməsin və bu fəlsəfəyə uyğun futbolçular axtarsın, öz taktikasını təkmilləşdirsin. Qurban Qurbanov neçə illərdir ki, “Qarabağ”a “tiki-taka”nı aşılamağa çalışır. İfaçılar dəyişir, komandanın oyun fəlsəfəsi isə yox. Sadəcə, bu oyun üslubunu Avropa səhnəsində nümayiş etdirmək üçn əlində yaxşı material olmalıdır. Buna baxmayaraq, Qurban Qurbanov çox məhdud büdcə ilə (Avroliqanın qrupunda bizə rəqib olan klublarla “Qarabağ”ın büdcəsi arasında “yerlə göy” arasındakı qədər fərq var) rəqabət apara biləcək kollektiv yaradıb. Bu futbolçular məşqçinin tapşırığını düzgün yerinə yetirdiyi halda nəticə də olur. Təsəvvür eləyin ki, indi Qurbanovun əlinin altında Konaplyanka, İkardi, Mane, Kempl kimi futbolçular olsaydı...
“Qarabağ” hər dəfə uğurlu nəticə göstərəndə bəziləri buna kölgə salmaq üçün bəhanə tapmaqdan yorulmurlar. Ənənəvi bəhanələrdən biri də bütün uğurları yalnız legionerlərin ayağına yazmaqdan ibarətdir. Birincisi, futbol kollektiv oyundur. Iki-üç futbolçu oyundan qopsa, komandanın oyunu alına bilməz. İkincisi isə, zaman-zaman bu mövzuyla bağlı yanlış fikirlər yürüdülür. Diqqətlə baxın, “Qarabağ” “Dnepr”ə qarşı start heyətində 6 yerli futbolçuyla çıxmışdı. Və 90 dəqiqə səhvə yol verməyən müdafiə funksiyasını məzh yerli futbolçular yerinə yetirdi: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev və Namiq Yusifov. Yerli futbolçularla yanaşı legionerlərdən yalnız Ansi Aqolli müdafiə xəttində yer almışdı. Bu oyun bir daha göstərdi ki, düzgün müdafiə olunmaq üçün 11 nəfərlə qapının önünə yığılmaq yetərli deyil, zonaları düzgün bağlamaq gərəkir. Əgər ümumi götürsək, “Dnepr”lə tarixi zəfərdə meydana daxil olan 14 futbolçudan 8-i yerli idi. Təbii ki, bu səviyyədə oynamaq üçün səviyyəli legionerlərə də ehtiyac var. Bu praktikadan Avropanın bütün aparıcı klubları istifadə eləyir.
Hər hansı işə kölgə salmaq asandır. Ancaq fakt göz qabağında olunca, artıq sözlər boğazdan yuxarı deyilən kəlmələrdən başqa heç nə olmayacaq.
Emin ABBASOV
saytlarin hazirlanmasi