Qəbələdəki biabırçı hakim qərarının təfərrüatları: "Əcəb eləmişəm" ÖZƏL

13:25 - 26 Oktyabr 2014

Munis Abdullayev cəzalanacaq

 

Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçı ciddi hakim səhvi ilə yadda qalıb.

 

Oyunun 40-ci dəqiqəsində qol vuran “Sumqayıt” fasiləyə üstün yollanıb. İkinci hissədə qonaqlar daha bir qol vurub. Lakin Məhəmməd Qurbanovun qolu qeydə alınmayıb. Yan xətt hakimi Munis Abdullayev oyundan kənar vəziyyət qeydə alıb. Bu epizodda qolun qaydalar çərçivəsində vurulduğunu hamı görsə də, bir dək Abdullayevin gözünə ofsayd görünüb.

 

Məhz bundan sonra “Sumqayıt” qapısında 3 qol görüb və qələbəyə haqq etdiyi oyundan acı məğlubiyyətlə ayrılıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, oyundan sonra “Sumqayıt” etirazını bildirib. Tərəflər arasında söz davası o həddə gəlib çatıb ki, səbəbkar Munis Abdullayev biabırçı səhvinə don geyindirməyə çalışarkən o qədər özündən çıxıb ki, “əcəb eləmişəm” deyib. Oyunda iştirak edən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da hakiminin səhvinə heç cür izah verə bilməyib. Çünki bu epizodda ofsaydın olmadığı açıq-aşkar görünürdü.

 

Video təkrara baxıldıqdan sonra da Abdullayevin kobud səhvə yol verildiyi üzə çıxıb. Bundan sonra Abdullayevin cəzalanacağı gözlənilir. Ancaq bununla heç nə dəyişməyəcək. Artıq hamı görür ki, çempionatımızda hakimlik problemi heç cür çözülmür. Hər il 3-5 hakim uzqlaşdırılır, səhvlər isə bitmək bilmir!  

Xəbər xətti