15 günə 5 oyun
Premyer Liqada birinci dövrə sona çatdı. 4 dövrəli çempionatımızın bu periodu “Qarabağ”ın aktivinə yazıldı.
Ağdam klubu arxada qalan dönəmi birnəfəsə keçdi. Ehtiyatda bir oyunu qaldı, qalib gəldiyi oyunda texniki məğlubiyyət aldı və buna baxmayaraq, birinci dövrədən sonra çempionatı lider kimi başa vurdu.
Adi vaxtda “Qarabağ”ın belə çıxışı bu qədər diqqəti cəlb etməzdi. Ancaq bu nəticələr göstərir ki, “Qarabağ” artıq üç gündən bir oynamağa alışır. Başqa sözlə, Qurban Qurbanov Avropa standartlarına yaxınlşamaq istəyir. Mövsümün böyük hissəsi irəlidə olsa da, “Qarabağ”lı futbolçular artıq 20-ə yaxın oyun keçiriblər.
“Qarabağ”ın oyun qrafikinə baxın: oktyabrın 23-də “Dnepr”, 26-də “Qəbələ”, 29-da “İnter”, noyabrın 2-də “Araz Naxçıvan” və 6-da “Dnepr”. 15 günə 5 oyun!
Bu vəziyyət artıq “Qarabağ” üçün normal hal alır. Komanda Avroliqada “İnter”lə oyuna çətin “Neftçi” matçından, “Dnepr”lə oyuna isə “Qəbələ” oyunundan çıxıb getmişdi.
Bu səviyyədə oynamaq futbolçulardan yalnız fiziki deyil, həm də yüksək psixoloji hazırlıq tələb eləyir. Çempionat oyunundan Avroliqa və ya Avroliqadan çempionat oyuna konsentrasiya olmaq futbolçu üçün ən əsas şərtlərdən biridir. Başqa cürə desək, cəbhədən cəbhəyə adlamaq o qədər də asan deyil.
Sadəcə, “Qarabağ”ın Avroliqada qrupdan çıxmaq üçün, Premyer Liqada isə çempionluq üçün mübarizə apardığı məqamda Çumbinyo ilə Diasın zədələnməsi Qurban Qurbanovu bir qədər çətin duruma saldı. Buna baxmayaraq, “Qarabağ” hər iki cəbhədə güzəştsiz mübarizə aparır.
“Dnepr”lə tarixi oyundan sonra “Qarabağ” çempionatda “Xəzər Lənkəran”la qarşılaşdı. Birinci hissədən sonra Ağdam klubu hesabda 3:0 öndə idi. Fasilədən dərhal sonra isə qapısında iki qol gördü. Hərcənd 2-ci qol buraxılan ərəfədə artıq Almeyda və Qara Qarayev meydana daxil olmağa hazır idilər. Ancaq bu futbolçular meydana daxil olmaq üçün topun çölə çıxmasını gözləyərkən ikinci qol oldu. Lakin “Qarabağ” hesabı qoruya bildi və çox vacib qələbə qazandı. Çünki “Qarabağ” beynəlxalq startdartlara alışmaq istəyirsə, belə oyunlarda dözümlülük nümayiş etdirməlidi. Ki, Qurban Qurbanovun kollektivi bizə məhz bunu göstərir.
Emin ABBASOV
saytlarin hazirlanmasi