"Zərgər dəqiqliyi" ilə hazırlanan tamaşa YAZI

01:44 - 28 Oktyabr 2014

"Qəbələ" – "Sumqayıt" matçında yaşananlar

 

“Xəzər TV”-də “Futbol saatı”na baxdım. Qızğın müzakirə gedirdi. “Qəbələ” – “Sumqayıt” oyununun “qəhrəmanı” Munis Abdullayev də orada idi. Bəli, “Sumqayıt”ın ikinci qolunda ofsayd görən Abdullayev. Vüsal Əliyevin birtərəfli idarəçiliyi “Sumqayıt”ı “sındıra” bilmirdisə, Abdullayev bir qərarla oyundan qalib ayrılmalı olan “Sumqayıt”ı acı məğlubiyyətə gətirib çıxardı.

 

Veriliş deyildi, bir tamaşa idi. Özü də, bir aktyorun tamaşası. Munis Abdullayev elə hey özünə bəraət qazandırmağa çalışırdı. Xaqani Məmmədovun hakimi o qədər danışdı ki, danışığını da itirdi. Deyir ki, ofsayd təyin etdiyim epizodda səhv eləməmişəm. Soruşurlar, niyə aşağı qiymət almısan bəs bu oyunda? Cavab verir ki, elə həmin ofsayda görə...

 

Bir az keçir yenə dirəşir ki, yox, səhv eləməmişəm. Yenə soruşurlar ki, a kişi, bəs qiymətin nəyə görə aşağı olub? Gah yenə deyir səhv eləməmişəm, sonra deyir hakim də insandı. Sonra başlayır tərcümeyi-halını danışmağa ki, nə bilim futbol oynamışam, 18 il səhvsiz hakimlik etmişəm. Munis Abdullayevin çıxışına baxdıqca, fikirləşirəm ki,  Babək Quliyevin yeri məlum.

 

Sadəcə, Munis Abdullayev düşüb üzüyola adamların arasına dil-dil ötür, onlar da üz edib dərinə getmirlər. Olaydı orada Babək Quliyev, tutardı Munis Abdullayevin yaxasından ki, ə, sən kimə nağıl danışırsan? Necə yəni bu ofsaydı “zərgər dəqiqliyi” ilə tutmuşam? Elə “zərgər dəqiqliyi” ifadəsi özü göstərir ki, Munis Abdullayev kobud səhvə yol verib. Çünki FİFA-nın tövsiyyəsinə görə də, Munis Abdullayevin dediyi kimi, “xətkeşlə ölçüləcək qədər” durum yaranıbsa, üstünlük hücum edən tərəfə verilir. Yaxşı hakim heç bir halda bu epizodda ofsayd verməzdi. Elə Abdullayevin aşağı qiymət alması da, onu göstərir ki, Xaqani Məmmədov onun bu qərarını səhv hesab eləyir.

 

Demək olar ki, Premyer Liqada yenə eynilə əvvəlki illərdə baş verən hadisələr yaşanır. Hamının gözü qabağında biri o birisinə sillə vururdu, baş hakim deyirdi görmədim, yan xətt hakimi deyirdi üzümü başqa tərəfə çevirmişdim, dördüncü hakim deyirdi ki, mən də görmədim axı. Bəsdirin də, yenə başlanır?

 

İndi də Munis Abdullayevə kadrları göstərirlər ki, Ropotan Ramazan Abbasova “kəllə” atır və qırmızı almır. Ruslan Tağızadə qabağına çıxanı “şaqqalayır”. Abdullayev də dərhal deyir ki, baş hakim Vüsal Əliyev qərar verməli idi. Biri təmiz qolu ofsayd görür, o birisi qırmızıya göz yumur. Sonra da, Munis Abdullayev kimi birini çıxardırlar efirə, o da deyir ki, hakimlikdə daha qərəz yoxdur, hamısı səhvdi. Ondan soruşmaq lazımdır ki, qərəzin məgər, buynuzu olur?

 

Emin ABBASOV

    

Xəbər xətti