Haqq istərəm, haqq məndədir YAZI

15:00 - 28 Oktyabr 2014

Bu bayraq o qədər komandanın haqqına girib ki…

 

Artıq xeyli vaxtdır ki, “Futbol saatı”nda ekpert kimi çıxış edirəm. Yazı yazmaq haqqında heç düşünməmişdim. Jurnalistlərimiz üzürlü saysın, ancaq dünənki verilişdən sonra yazı yazmaq qərarına gəldim.

 

Son turda “Qəbələ” ilə oyunumuzda hakimlər “Sumqayıt”ın səfərdən qələbə ilə qayıtmaması üçün əlindən gələni etdilər və buna nail oldular.

 

Ancaq bunu yazmaqda məqsədim özümü haqlı saydığımı göstərmək deyil. Sadəcə, təmiz qolumuzu ofsayd kimi dəyərləndirən Munis Abdullayevin haqsız ola-ola özünü haqlı çıxarmasını qəbul edə bilmirəm.

 

Birincisi, Munis Abdullayev deyir ki, biz, yaşlı hakimlər olmasa, cavan hakimlər kimdən öyrənəcək? Munis bəy, siz haqsız ola-ola özünü haqlı çıxarmağımı öyrədəcksiz hakimlərə?  Elədirsə, vay bizim gənc hakimlərimizin halına…

 

İkincisi, Munis Abdullayev, ağzınızda şüşə konfet varsa və bunu görüblərsə, deyin ki, ağzımda şüşə konfetdi, daha deməyin ki, şokoladdı. Ancaq siz əsaslandırmağı yaxşı bacarırsız və çox rahatlıqla əsaslandıra bilərsiz ki, ağzınızdakı şüşə konfet yox, şokolad idi. Bunu da öyrətsəz gənc hakimlərimizə yenə vay onların halına…

 

Üçüncüsü və ən əsası, yaş o yaş deyil, can o can deyil, baş ağarıb, saqqal ağarıb. Nə özünüzə əziyyət verin, nə Xaqani Məmmədovu pis vəziyyətə qoyun, nə də PFL-i salın xərcə. Götürün o bayrağınızı atın sizə verilən “adidas” sumkanın içinə, sonra o sumkanın ağzını da bağlayın ki, heç kim görməsin daha o bayrağı. İllər sonra nə vaxtsa gənc hakimlərə dərs keçsəz, ya da nəsihət versəz, çıxarıb göstərərsiz ki, bu bayraq o qədər komandanın haqqına girib ki… Bəlkə də, onda içinizdə bir vicdan əzabı da çəkərsiz!

 

İlk yazımdı, qınayanlar da olacaq. Fikir azadlığı olduğu üçün mən də fikirlrimi belə çatdırmaq qərarına gəldim.

 

Ceyhun SULTANOV

Xəbər xətti