Almanlara verilən milyonların hesabını kim verəcək?
Deyəndə ki, Azərbaycan futbolu yerində sayır, bizi az qala düşmən kimi qələmə verirlər. Bizi Rövnəq Abdullayevə elə təqdim eləyirlər ki, AFFA prezidenti mətbuat konfranslarında bizə şübhəli nəzərlərlə baxır. Reallıq, faktlar onu göstərir ki, futbolumuz yerində sayır. Yalanmı deyirik? Biz sadalayaq, Rövnəq müəllim nəticə çıxarsın.
Bu yazını yazanda AVRO-2015-in seçmə mərhləsində mübarizə aparan U-17 millimizin yenə ilk mərhələdə dayandığını düşünmüşdüm. Ancaq sonradan aydınlaşdı ki, millimiz qrupda 3-cü yeri tutan 5 yığmadan bir kimi elit mərhələyə adlayıb. Təbriklər. Ancaq əslində, biz elit-raunda çıxmağı uğur saymalı deyilik. Çünki, bu, bizim üçün keçilmiş mərhələdi. Azərbaycan U-17 yığması hələ Fuad Musayevin səfalət dövründə elit-raunda vəsiqə qazanırdı.
U-17 bu dəfə Mirbağır İsayevin rəhbərliyi altında mərhələni keçməyə yaxın idi və tarix təkrarlandı. Çünki U-17 millimiz sonuncu dəfə 6 il əvvəl məhz Mirbağır İsayevin rəhbərliyi altında elit mərhələyə vəsiqə əldə etmişdi. Amma o vaxt futbolumuzun “dostu” Elxan Məmmədov “uzaqğörənlik” edib U-17-nin baş məşqçisi postunda İsayevi Bernhard Lippertlə əvəzləmişdi. Məmmədov o vaxtdan U-17-ni nə hala saldısa, komanda üçün elit-raund belə xəyala çevrildi. Hərçənd, ambisiyası və savadı ilə seçilən Mirbağır İsayev o vaxtdan indiyə qədər işləsəydi… Ancaq Elxan Məmmədov kimi baş katibi olan bir ölkənin futboluna düşmən lazım deyil. Nəhayət, 6 ildən sonra Məmmədov yenə Mirbağır İsayevə güvənməyin ən doğru yol olduğunu anladı. Itirilmiş illəri bir neçə aya geri qaytarmaq olmur axı… Hər halda İsayev çətinliklə də olsa, Məmmədovu biabırçı vəziyyətdən çıxartdı.
Məmmədov AFFA-da 2007-ci ildə işə başlayıb. Bu gün U-17-də çıxış eləyən uşaqların (1998-ci il təvəllüdlü) o zaman 9 yaşı olub. 7 il ərzində bu uşaqlara futbol oynamağı öyrətmək olardı. Ancaq real iş görmək əvəzinə Məmmədovun başı heç kimə lazım olmayan “top festivalları” keçirməyə qarışmışdı. Baş katib sözün hər mənasında uşaq başı aldadırdı. Təsəvvür eləyin, həm Məmmədova qədər, həm də o, AFFA-ya yeni gələndə elit mərhələyə düşə bilirdik. Elxan Məmmədov bu işə girişəndən sonra isə hətta elit mərhələyə də həsrət qalmışdıq. Elxan bəy, hanı sizin almanlarınız? Xərclənən milyonların cavabını kim verəcək? Yenə də dəyərini bilmədiyiniz yerli məşqçilər.
Rövnəq müəllim, indi siz deyin, Azərbaycan futbolunun düşməni kimdir, biz, yoxsa əcnəbilərə qibtə edən AFFA əməkdaşları?
Emin ABBASOV
saytlarin hazirlanmasi