İnkişaf bundan başlayır: Elxan Məmmədov bu dəfə düzünü dedi YAZI

17:48 - 29 Oktyabr 2014

Təfəkkürümüz dəyişməsə, inkişaf olmayacaq

 

Son illər klub səviyyəsində müəyyən uğurlar əldə etsək də, millidə işlər qaydasında getmir. Əsas milli qalsın bir yana, heç aşağı yaş qrupları üzrə yığmalar da üzümüzü güldürmür ki, gələcəyə ümidlə baxaq.

 

Nəhayət, U-17 millimiz 6 illik fasilədən sonra yenə elit mərhələyə vəsiqə qazandı. Elə 6 il əvvəl olduğu kimi, yenə bizə bu sevinci Mirbağır İsayev yaşatdı. İnanıram ki, AFFA-nın baş katibi Elxan Məmmədov 6 il əvvəl etdiyi səhvi bu dəfə təkrarlamaz. O vaxt Mirbağır İsayev komandanı elit mərhələyə çıxarsa da, Elxan Məmmədov baş məşqçi postunda onu Bernhard Lippertlə əvəzləmişdi. Elə bununla da, U-17 yığması bu günə qədər hətta elit mərhələyə həsrət qalmışdı.  

 

Bu gün Elxan Məmmədovun açıqlamasını oxudum. Bəlkə də, ilk dəfədir ki, baş katib hansısa məsələ barədə bu qədər dəqiq danışıb: “Bu bizim üçün önəmli bir uğurdur”. Bəli, məhz önəmli. Düzü, mən Elxan bəydən “böyük uğur” ifadəsini gösləyirdim. Amma bu uğura “önəmli” ifadəsi daha uyğun gəlir. Çünki biz final mərhələsi haqqında danışmalı olduğumuz halda, hələ də elit mərhələyə çıxmaq münasibəti ilə bir-birimizi təbrik edirik. Ancaq neçə ildən sonra elit mərhələyə vəsiqə qazanmağımız bizi sevindirməyə bilməz.

 

İnkişafa gəlincə, hamımız yol göstəririk, hamımız danışırıq. İnkişaf ilk növbədə təfəkkürdən başlayır. Təfəkkürümüz dəyişməsə, inkişaf olmayacaq. AFFA rəsmiləri hər dəfə şablon cümlələrlə inkişafdan danışmaqla, inkişaf olmayacaq. İnkişaf üçün ilk növbədə işimizə tənqidi yanaşmalı, deyilən hər fikri dəfələrlə incələyib xeyirli məqamları üzə çıxarmalıyıq.

 

Həmişə ən xırda, sıradan olan bir nəticəni bizə tarixi uğur kimi sırımağa çalışan Elxan Məmmədovun bu dəfə doğru ifadə işlətməsi bir ümid işığı sayıla bilər. Bir tərəfdən də fikirləşirəm ki, bəlkə Məmmədov düşünüb ki, “böyük uğur” desin, əvəzinə söz gəlişi “önəmli” ifadəsini işlədib.

 

Emin ABBASOV

Xəbər xətti