"Baş məşqçi “Neftçi”yə uduzmağımızı xahiş etdi"

13:30 - 30 Oktyabr 2014

"Turan" klubunun sabiq futbolçusundan şok etiraf

 

Tovuzun “Turan” klubunun sabiq futbolçusu Valeriy Onile Moldova mətbuatına müsahibəsində 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında “Neftçi”yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf edib. 

 

Sportal.az sportpress.az saytına istinadən xəbər verir ki, Valeriy Onile öz açıqlamasında bunları deyib:

 

"Tovuzda oynadığımız zaman “Neftçi”nin sabiq çalışdırıcısı bizdə baş məşqçi idi. Təsəvvür edin, onun çempionluğa oynayan keçmiş komandası Tovuzda qonağımızdır. Bizə heç kim əvvəlcədən oyunu verməli olduğumuzu demədi. Amma start heyət şübhəli idi. Çünki, ilk dəqiqələrdən əvəzedicilərin futbolçularını, daim ehtiyatda qalanları meydana buraxdılar. İlk hissədən sonra hesab 2-0 bizim xeyrimizə idi. Soyunub-geyinmə otağında baş məşqçimiz dedi ki, ona kömək edək. O, bizdən “Neftçi”yə uduzmağı xahiş etdi. Belə də dedi: “Kömək edin, bu gün uduzmaq lazımdır. Amma mükafat da olmayacaq”. Nəticədə biz 2-3 hesabıyla uduzduq. Təcrübəli futbolçular meydana çıxmaqdan imtina etdilər. Onlar bu “şou” da iştirak etmək istəmədiklərini məşqçiylə mübahisə etməklə bildirdilər.”

 
Qeyd edək ki, 2009-cu ilin dekabrın 5-də Tovuzda keçirilən “Turan”-“Neftçi” görüşündə meydan sahiblərinin baş məşqçisi Nizami Sadıxov idi. Həmin oyunda “Turan” 2-0 hesabıyla öndə olsa da, sonrada 3-2 hesabıyla şübhəli məğlubiyyətə uğrayıb.

Xəbər xətti