Rövnəq Abdullayev Azərbaycan futboluna bu yaxşılığı etsin: İcraiyyə Komitəsi ləğv edilsin, alternativ komitə yaradılsın YAZI

13:40 - 31 Oktyabr 2014

Bu adamların futbolla nə əlaqəsi?

 

Millimizin son məğlubiyyətləri bütün futbol ictimaiyyətini dilə gətirdi. Sanki hamı “Azərbaycan futbolu sürətlə inkişaf edir” yuxusundan oyandı. 6 il əvvələ boylanıb baxanda gördülər ki, o vaxt olduğumuz yerdən o qədər də uzağa gedə bilməmişik. Zatən tısbağa addımları ilə bizdən çox-çox uzaq olan inkişaf nöqtəsinə çatmaq mümkünsüz görünürdü.

 

Futbolumuzun inkişafı yollarını göstərənlərin demək olar ki, hamısı eyni fikirləri bildirirlər: Uşaq futbolu inkişaf etdirilsin, infrastruktur yaradılsın. Bəli, tam doğru istiqamətlərdir. Amma futbolumuzu düzəltmək üçün proses zəncirvari, hərtərəfli olmalıdır.

 

Azərbaycan futbolunda bütün taleyüklü qərarları İcraiyyə Komitəsi verir. Həmin İcraiyyə Komitəsi ki, Elmar Qasımov, Mahir Məmmədov, Cahangir Hacıyev, Elşad Nəsirov, Rauf Əliyev və onlar kimi futboldan yüksək anlayışı olmayanlar yığılıblar ora. Gör kimlərin sözü ilə Azərbaycan futbolu ilə bağlı qərarlar verilir? Absurddu, elə deyilmi?  Bu adamların futbolla nə əlaqəsi?

 

Ona görə də, İcraiyyə Komitəsinin iclasları formal xarakter daşıyır. Rövnəq Abdullayev nə deyirsə, müzakirəsiz qəbul olunur. İnandırım sizi, üzvlərdən əksəriyyəti nə iclasa gələndə bilirlər ki, mövzu nə olacaq, nə də qərar veriləndən sonra dərk eləyirlər ki, həmin qərar nəyə xidmət edəcək...

 

Bir ölkənin futboluna dair qərarlarını yalnız futbol adamları verə bilərlər. 2004-cü ilə qədər stadion qapısı tanımayan, yalnız millinin oyunlarından-oyunlarına stadionlara gələnlərin fikri ilə uzağa gedə bilmərik. Hamı bilir ki, İcraiyyə Komitəsi heç nəyə yaramır. Rövnəq Abdullayev futbolumuza yaxşılıq etmək istəyirsə, İcraiyyə Komitəsini ləğv edib, onun yerinə alternativ komitə yaratmalıdır.

 

Yeni komitədə yalnız futbol adamları təmsil olunmalıdırlar. Klublarla yanaşı, aparıcı futbol mediası da səs hüququna malik olsun. Ən çox səs toplayan 10 şəxs həmin komitənin üzvləri seçilsin. Bu şəxslərdən başqa hal-hazırda klublarda çalışan baş məşqçilər və çalışmayan təcrübəli mütəxəssislər də qonaq kimi iclaslarda iştirak etsinlər. Ayda iki dəfə iclas yığılsın. Bu iclaslarda futbolumuzun durumu, problemlərdən çıxış yolları müzakirə olunmalı və səslənən fikirlər komitə üzvləri tərəfindən incələnməli, daha sonra isə müvafiq qərarlar çıxarılmalıdır.

 

Yalnız bu halda Azərbaycan futbolunda hansısa komitədən fayda görmək olar. İndiki İcraiyyə Komitəsi qalacaqsa, futbolumuzla bağlı hələ çox absurq qərarlar veriləcək...

 

Emin ABBASOV

Xəbər xətti