"Əcnəbiyə yaradılan şərait yerli məşqçilərə yaradılmayacaq"
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Vəli Qasımov azerisport.az saytına müsahibə verib
Həmin müsahibəni təqdim edirik:
- Yığmamızın sükanı arxasına Robert Prosineçkinin gətiriləcəyi barədə xəbərlər dolaşır. Bu xəbərləri necə qarşıladız?
- Mən İspaniyada çıxış edəndə Prosineçki də orada oynayırdı. Oyunçu kimi güclü olub. Amma məşqçi kimi tanımıram. Hər halda əminəm ki, Foqtsdan min dəfə yaxşı olar.
- Foqtsun 67 yaşı var, Prosineçkinin 45. AFFA gənc mütəxəssis istəyirsə, yerlilərdən birini seçməsi daha yaxşı olmazdımı?
- Biz hamımız yığmada yerli məşqçinin çalışmasını istəyirik. Amma onun problemləri çox olacaq. Birincisi, əcnəbi mütəxəssis üçün yaradılan şərait ona yaradılmayacaq. Ona görə elə əcnəbi gəlsə, yaxşıdı.
- Sizcə, Azərbaycan yığmasının yeni stili necə olmalıdı?
- Biz gələcək haqda düşünməliyik. Bu tsikli artıq unutmalıyıq, çünki hər şey məlumdu. Komanda hər oyunda yaxşı təsir bağışlamalıdı. Uduzmaq da olar, amma yaxşı oynamaq şərtilə. Bizim yığmamız həmişə yaxşı oynayıb, hətta uduzanda da qol vəziyyətləri yaratmağı bacarırdıq. Amma Foqtsun dövründə hər şey tam fərqli oldu.
- Foqts yığmamızı həmişə toplanış üçün Almaniyaya aparırdı, Prosineçki də Zaqrebə aparacaq...
- Bu, problem deyil. Onsuz da bizim lazım olan şəraitimiz yoxdu. Ona görə də millinin ölkədən kənarda toplanış keçməsi normaldı. Başqa ölkələrdə sınaqçı rəqiblər tapmaq da asan olur.
- Amma yeni baş məşqçinin Foqtsdan fərqli, Bakıda daha çox olması şərtdi...
- Bəli, bütün dünyada elədi. O, çempionatın bütün oyunlarını izləməlidi, daha Foqts kimi ilin 9 ayını vətənində keçirməməlidi. Onun dövründə millimiz ancaq standart vəziyyətlərdən qol vura bilirdi.
- Foqts yığmamızda gəncləşdirmə siyasətinə start vermişdi...
- Düzdü, biz ən çox xalı Foqtsun dövründə topladıq. Amma komandanın sərgilədiyi futbol daha önəmlidi. Müdafiədə oturub ancaq bəxtə bel bağlamaq olmaz. Bəxt bir dəfə gətirər, iki dəfə. Komanda öz oyununu sərgiləməyi bacarmalıdı. Biz meydana ancaq qol buraxmamaq üçün çıxırdıq. Maltaya baxın. Elə bilirsiz onları asanlıqla məğlub edəcəyik? Foqtsun sayəsində biz beş il inkişafdan qaldıq.