Müdafiəçi ilə müsahibə
“Qəbələ”nin slovakiyalı futbolçusu Pavol Farkaş Topaz Premyer Liqasının son iki turunda vurduğu qollarla “Sumqayıt” (3:1) və “Araz-Naxçıvan” (1:0) üzərində qələbələrdə pay sahibi olub.
Sportal. az xəbər verir ki, müdafiəçi Naxçıvandakı səfər oyunu, qol vurmaq bacarığı və çempionatın gedişi haqda fikirlərini gabalafc.az-la bölüşüb:
- Topaz Premyer Liqasının X turunda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiniz. Liderlər sırasında mövqeyinizi möhkəmlədən səfər qələbəsi nə dərəcədə çətinliklə əldə olundu?
- Bu matç çox ağır keçdi. Çətin oyunda bizə vacib olan 3 xal idi. Komandamız da qələbə qazanmağı bacardı.
- Qarşılaşmanın taleyini həll edən qola imza atdınız. Matçdan əvvəl belə olacağını gözləyirdiniz?
- Qələbə qolunu mənim vurmağım önəmli deyil. Əsas odur ki, komanda qalib gəldi. Əlbəttə ki, qol vurduğum üçün sevinirəm. Amma əsas qələbə qazanmağımız idi.
- Artıq iki turdur vacib qollara imza atırsınız. Ötən tur “Sumqayıt”la qarşılaşmada hesab 1:1 olarkən fərqlənmişdiniz. Bu dəfə də qələbə qolunun müəllifi oldunuz. Mərkəz müdafiəçisinin belə məhsuldarlıq göstərməsini nə ilə izah edərdiniz?
- Hər iki qolu standart vəziyyətdən vurmuşam. Belə zərbələrin üzərində məşqlərdə də çox çalışırıq. Bu da məşqçilərimizin istəyidir. Bunun da nəticəsidir ki, top üzərimə gələndə fərqlənə bildim.
- Standart vəziyyətlərdə hücuma qoşulmağınız əvvəlki turlarda qolla nəticələnmirdi. Amma son iki matçda bundan istifadə etməyi bacardınız...
- Bu futboldur. Hər şey ola bilər. Bəlkə də əvvəlki oyunlarda bəxtim gətirmirdi, indi isə gətirdi. Futbol belə şeyləri əvvəlcədən bilmək olmadığı üçün maraqlıdır.
- Karyeranızda bir mövsümdə ən çox 2 qol vurmusunuz. 2006/07 mövsümündə “Nitra”, 2008/09 mövsümündə “Vaslui”də buna nail olmusuz. Daha bir qol vurub şəxsi rekordunuzu yeniləmək haqda düşünürsüz? Növbəti turun “Bakı” ilə ev oyunu fərqlənəcəyinizi gözləmək olarmı?
- İlk növbədə müdafiəçiyəm. Bu üzdən də arxa xətdə etibarlı oyuna fikir verməliyəm. Mənim üçün ancaq komandamızın qələbəsi vacibdir. Başqa heç nə. Qol vursam, yaxşıdır. Vurmasam da, əsas 3 xal qazanmağımızdır.
- İlk 10 turda bütün oyunlarda meydana çıxan azsaylı futbolçulardan birisiniz. Bu matçlarda “Qəbələ” 17 xal toplayıb. Liderlər qrupunda qərarlaşıb. Komandanın oyununu və nəticələrini necə qiymətləndirirsiniz?
- Müəyyən oyunlarda bəzən xallar itirmişik. Amma qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Məncə, vəziyyətimiz pis deyil. Amma hesabımızdakı xalları daha da artırmalıyıq. Çünki sonda mövsümü sevinclə başa vurmaq istəyirik.
- Bütün rəqiblərlə meydanda üz-üzə gəlmisiniz. Mükafatlar uğrunda mübarizə, buradakı əsas rəqibləriniz haqda nə deyə bilərsiniz?
- Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün şanslarımız var. Mən də “Qəbələ”yə mükafat qazanmağa gəlmişəm. Çünki bu komanda ilə mükafat qazanmaq istəyirəm. Digər komandalar da mükafatlar üçün mübarizə aparır. Ümid edirəm ki, mövsümün sonunda sevinən komandalardan biri biz olacağıq.
saytlarin hazirlanmasi