Son zamanlar mətbuatda adı ən çox hallanan futbolçulardan biri, bəlkə də birincisi yığma komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdur. Daha əvvəl də arada bir mətbuat tərəfindən tənqid olunan Sadıqov, Xorvatiya ilə matçda avtoqol müəllifi olmaqla bu dəfə daha sərt şəkildə tənqid atəşinə tutuldu. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə millinin kapitanı xeyli məzəmmət edildi. Hətta onun futbolla vidalaşmalı olduğunu iddia edənlər də var. Amma zaman bütün bu iddiaların əsassız olduğunu göstərdi.
“Qarabağ”ın Avroliqada “Dnepr”ə qarşı keçirdiyi oyunda Rəşad Sadıqov növbəti dəfə Azərbaycan futbolu və klubu üçün necə önəmli futbolçu olduğunu göstərdi. Avroliqada turun rəmzi komandasında yer almaqla da Rəşad növbəti dəfə yüksək səviyyəli futbolçunu olduğunu ortaya qoymuş oldu. Əslində, istənilən adamı tənqid etmək asandı. Bundan asan nə var ki? Baltala getsin. Amma kimisə tənqid etməmişdən öncə gərək hər şeyi götür-qoy edəsən. Axı, Sadıqovun buna qədər Azərbaycan futbolu naminə etdikləri nə tez yaddan çıxdı? Bu, həmin Rəşaddır ki, millinin heyətində Türkiyəyə, “Qarabağ”ın heyətində “Rusenborq”a vurduğu qollarla milyonlarla futbolsevəri sevincə qərq etdi. Bu həmin Rəşaddır ki, 3 müxtəlif vaxtda Türkiyə Superliqası kimi səviyyəli çempionatda bacarığını nümayiş etdirib. 1 səhvə görə insanın üstündən xətt çəkmək nə dərəcədə düzgündür?
Rəşad həm yığmamız, həm də “Qarabağ”ın üçün çox önəmli biridir. Onun təkcə elə meydanda olması komanda yoldaşlarına əlavə güc verir. Sadıqovun meydanda olmadığı oyunlarla iştirakçısı olduğu matçların nəticələrini müqayisə edin. Aradakı fərq onun necə önəmli birisi olduğunu göstərəcək. Düşünməyin ki, bütün bunları yazmaqla Sadıqovu müdafiə edirəm. Əsla. Görünən kəndə nə bələdçi? Sadəcə, Rəşadın Azərbaycan futbolu naminə etdiklərioni unutmayaq. Bir avtoqolla dünya dağılmır. Dünyanın ən güclü müdafiəçiləri belə dəfələrlə öz qapılarına qol vurublar. Elə bu yolla millimizi sevindirən Corco Kyellinini misal çəkək. Mübaliğəsiz “Yuventus”un müdafiəçisi bu gün dünyanın ən güclü arxa xətt futbolçularından biridir. İnanmıram ki, İtaliya mətbuatı 1 avtoqola görə Kyellininin üzərinə bu qədər çox getsin. Amma biz....
Tutaq ki, Rəşad bu gün futbolu atdı. Onu kim əvəzləyəcək? Bu gün Azərbaycanda yüksəksəviyyəli futbolçu çatışmazlığı var. Bu məqam özünü açıq-aşkar biruzə verir. Məşqçiləri nəinki Rəşadın yerinə, heç onun yanında oynatmağa mərkəz müdafiəçisi tapa bilmirlər. O ki qala Sadıqovun yerinə futbolçu “kəşf etsinlər”.
Sadıqov son zamanlar ideal futbol sərgiləməyə bilər. Amma bunun da tutarlı səbəbləri var. Sadıqov nəyə görə son zamanlar inamlı təsir bağışlamır? Çünki zədələr buna imkan vermir. O, son zamanlar, bəlkə də ümumiyyətlə, son illər iynələrin hesabına oynayır. Həkimlər “dincəlməlisən” dedikləri halda, Rəşad istər yığmaya, istərsə də “Qarabağ”a görə dəfələrlə karyerasını risqə atıb. Budur fədakarlığının qarşılığı?
Şəxsi fikrimdir ki, azərbaycanlı futbolçuların zədəli olması ümumi bədbəxtçiliyimizdir. Zədə amili neçə-neçə oyunçunun axırına çıxıb. Zaur Tağızadə ən bariz nümunədir. Zədələr və şərait olsaydı, “Qızıl oğlan” Avropanın istənilən klubunda oynaya bilərdi. Futbolçularımızın zədəyə meyilli olması səbəbsiz deyil. İndikilər heç, hazırda yaşı 30-35 arası olan futbolçularımız harada yetişiblər? Futbolun sirlərinə harada yiyələniblər? Asfaltın üzərində. Avropalılar yüksəksəviyyəli qazonlarda top qovarkən, bizim 5-10 yaşlılar asfaltın üzərində futbolda ilk addımlarını atıblar. Odur ki, indi hansısa futbolçunun üzərinə “zədəsi xronikidi” tipli damğalar vurmaq olmaz. Zaur Tağızadə, Rəşad Sadıqov kimi futbolçuların potensialını tam açmasına zədələr imkan vermirsə, bunun günahkarı onlar yox, əvvəllər Azərbaycan futbolunda olan şəraitsizlik günahkardı.
ŞAHİN “Het-trik news” qəzeti
P.S. Bülənt Qorxmaz “Qalatasaray” üçün çox fədakarlıqlar edib. Əbəs yerə Qorxmaza “Böyük kapitan” adı verilməyib. Rəşad Sadıqovun da futbolumuz üçün fədakarlıqları az olmayıb. O da bizim “Böyük kapitan”dı.
saytlarin hazirlanmasi