Foqtsun görmədiyi yerlilər YAZI

14:15 - 4 Noyabr 2014

Onlardan kimlər yığmada oynamağa layiqdirlər?

 

Norveçlə oyuna cəmi 2 həftə vaxt qalır. Berti Foqtsun gedişindən sonra bu posta müvəqqəti təyin olunan Mahmud Qurbanovun bu qarşılaşma ilə bağlı xeyli çətinliklərlə üzləşəcəyi indidən məlumdur. Əsas çətinlik yığmaya hansı futbolçuların cəlb olunacağı ilə bağlıdır. Foqtsun dönəmində, konkret olaraq son 2 oyunda yığmanın əsas heyət üzvlərindən hesab olunan Mahir Şükürov və Vaqif Cavadova bəhanəyəoxşar səbəblər gətirməklə dəvət göndərilməməsi birmənalı qarşılanmadı. Foqts bu futbolçuların hazır olmadıqlarını deyirdi. Əslində isə səbəb başqa idi. Əgər Foqts haqlı idisə, o halda niyə yerli birincilikdə çıxış edən, daim şərəfini qoruduqları komandaların əsas heyətində yer alan və ən əsası almanın yığmaya calaq elədiyi legionerlərdən heç də zəif olmayan yerli futbolçulara güvənmədi. Mahmud Qurbanovun Berti Foqtsun “milliləşdirilmiş”lərinə dəvət göndərməyəcəyi indidən məlumdur. Dimitri Nazarov istisna təşkil edir. Guya, nənəsinin nənəsi azərbaycanlı olan Dimaya dəvət göndəriləcəyi gözləniləndir. Bəs, digərlərini hansı yerli futbolçular əvəzləyə bilərlər? Ümumiyyətlə, Foqtsun görmədiyi, bəlkə də görmək istəmədiyi yerli futbolçulardan hansılar yığmada oynamağa layiqdirlər və heç bir cəhətlərinə görə gəlmələrdən geri qalmırlar? Bu sualla bir neçə həmkarımıza müraciət etdik.

 

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli “İnter”in üzvü Elvin Məmmədovun yığmaya çağırılmasının vacib olduğunu söyləməklə yanaşı onun həmklubları Nizami Hacıyev və Asif Məmmədovun, həmçinin “Qarabağ”ın futbolçusu Namiq Yusifovun da komandamıza xeyir verə biləcək gücdə olduğunu bildirdi: “Elvin Məmmədovdan başqa adlarını  çəkdiyim futbolçuları ən azı oyunöncəsi toplanışda sınamaq olar. Məmmədova gəlincə, Foqtsun vaxtında yığmadan kənarda qaldı, ondan istifadə olunmadı. Amma Elvin təcrübəsi və bacarığı ilə yığmaya xeyir verə biləcək futbolçudur”. 

 

Baş redaktor “Bakı”nın hücumçusu Nurlan Novruzov və “İnter”in digər futbolçusu Coşqun Diniyevin də adlarını çəkdi. Lakin bu futbolçuların gənc olmasını əsas gətirərək Norveçlə oyuna olmasa da, gələcəkdə yığmanın toplanışların cəlb edilərək yoxlanmalarının vacibliyini söylədi: “Nurlanın “Neftçi” vurduğu qol baxımlı idi. İndiyədək onun kimi bəstəboy birisinin o qədər yüksələrək başla qol vurduğu yadıma gəlmir. Həm də heyət baxımından gənclərə üstünlük verən “Bakı”da 5 qol vurmağın özü də yaxşı nəticə hesab olunmalıdır. Coşquna gəlincə, həqiqətən istedadlı futbolçudur. Amma əvvəl Kaxaber Sxadadze ona güvənməlidir ki, sonra yığmanın baş məşqçisi etimad göstərsin. Coşqun “İnter”in əsas heyətində yerini möhkəmləndirdikdən sonra yığmaya dəvət olunsa, daha yaxşıdır”.

 

İdman Araşdırmaları Mərkəzinin rəhbəri Elşən Məmmədovun fikrincə, bu gün xüsusi istedadı ilə seçilən elə bir futbolçu yoxdur ki, yığmadan kənarda qalsın. Amma elə milliləşdirilmiş legionerlər var ki, onların səviyyəsində futbolçunu azərbaycanlılar arasında da tapmaq mümkündür. Elşən Məmmədovun sözlərinə görə Rüfət Dadaşov, Taşkın İlter, Ufuk Budak və digərlərini əvəzləməyə qadir yerli futbolçu tapmaq çox asandır: “Berti Foqtsun millidən kənarda saxladığı Rəşad Sadiqov, Mahir Şükürov, Vaqif Cavadov və digərləri hazırda da yığmada oynamaq iqtidarındadırlar. Eyni zamanda Cavid İmamverdiyevin də Norveçlə oyun öncəsi təlim-məşq toplanışına dəvət edilməsi pis olmazdı. Premyer Liqada isə bombardirlər siyahısına başçılıq edən Rəşad Eyyubovla Nurlan Novruzovun indidən sınanması məqsədəuyğun olardı”.

 

Rekord.az saytının redaktoru Anar Xanlarovun namizədləri isə daha çoxdur. Rəşad Eyyubov, Nurlan Novruzov, Rəhman Əzizov, Namiq Ələsgərov, Cavid Tağıyev, Vüqar Bəybalayev, Coşqun Diniyev, Elnur Cəfərov, Tural Qürbətov, Emil Balayev, Elnur Camalov, Bəxtiyar Həsənalızadənin adlarını çəkən həmkarımız bu futbolçuların istedadlı olmaları ilə yanaşı, cari mövsümdə özlərini yaxşı tərəfdən göstərmələrini əsas gətirərək azından yığmanın təlim-məşq toplanışına cəlb edilməsinin vacib olduğunu bildirdi. Bundan başqa Anar Xanlarov Norveçlə oyun öncəsi Mahmud Qurbanovun futbolçu seçimində sərbəst olub-olmayacağının da başlıca amillərdən biri kimi dəyərləndirdi: “İlk növbədə o məsələni önə çəkmək lazımdır ki, Mahmud Qurbanov seçimində sərbəst olacaq, ya yox. Əgər onun da qarşısına hazır siyahı gətirib qoyacaqlarsa, o zaman hansısa müzakirə aparmaq yersizdir. Yox, əgər Qurbanova Norveçlə oyun öncəsi sərbəst şərait yaradılarsa, təbii ki, kənarda qalan bir çox layiqli futbolçuları yığmaya çağırmaq yaxşı olar. Bayaq adlarını çəkdiyim gənclərə indidən şans vermək lazımdır ki, növbəti seçmə mərhələ üçün hazır olsunlar. Bu gənclər gələcəkdə  komandamızın bünövrəsi, onurğa sütunu olacaq”.

 

“Əvvəla qeyd edim ki, klubların “günü qurtaraq” siyasəti ölkəmizdə güclü futbolçu yetişməsinə mane olur. Bura legioner bolluğunu da əlavə etsək, yerli futbolçu sarıdan qıtlıq yaşanması normaldır. Elə indinin özündə milliyə layiq olan neçə futbolçu tapmaq mümkündür? Rəqabətin olmaması yığmaya da təsirsiz ötüşmür”. Bu sözlər “Çempion” qəzetinin baş redaktoru Ruslan Sadıqova məxsusdur. Onun fikrincə, hazırda yığmada elə bir vəziyyət yaranıb ki, hansısa futbolçunun yoxluğunda onu əvəzləyəcək digərini tapmaq qəliz məsələyə çevrilib: “Rəşad Sadıqov zədələnsə və ya cəzalansa, müdafiənin mərkəzində Bədavi Hüseynovun yanına qoyacaq etibarlı oyunçu, demək olar ki, yoxdur. Berti Foqts 7 il ərzində eksperimentlərdən bezmədiyi üçün əksər futbolçularımızın milli formanı geyinmək imkanları oldu. Amma Foqtsun problemi o idi ki, futbolçunu layiq olduğu vaxt dəvət etmirdi. Yəni o, kimin formada olub-olmamasına baxmırdı. Məsələn, Ruslan Abışov “Rubin”də olarkən bir ildən çox futbolsuz qalsa da, Foqts ona həmişə dəvət göndərdi və hətta meydana da buraxdı. Ruslanın həmin vaxtkı çıxışını da görürdük. Digər tərəfdən Maksim Medvedev, Rəşad Sadiqov, Ruslan Əmircanov, Araz Abdullayevin yaxşı formada olduqları zaman yığmadan kənarda qalmalarının da şahidi olmuşuq. Keçmişdə Zaur Ramazanov, Rəşad Abdullayev kimi oyunçular da belə halla üzləşmişdilər. Bu da Foqtsun Azərbaycan çempionatını izləməməsindən irəli gəlirdi”.

 

Yığmaya dəvət edilən legionerlərə gəlincə, Ruslan bəyin fikrincə, Dmitri Nazarovdan başqa çağırılanların heç biri bu formanı daşımağa layiq olmayıblar. Levin, Gökdəmir, Özkara, Çertoqanov kimiləri ilə öz yerli gənclərimizi oynatmaq arasında bir fərq görməyən baş redaktor Norveçlə oyun üçün çağırılmalı olan futbolçuların siyahısında ciddi bir dəyişikliyin olmayacağı fikrindədir: “Dəvət alanların əksəriyyəti əvvəllər də milli formanı geyinmiş futbolçular olacaq. Ancaq Mahmud Qurbanov yəqin ki, bir neçə gəncə və hazırda heç də pis çıxış etməyən bəzi təcrübəli oyunçulara dəvət göndərəcək. Məsələn, Nurlan Novruzov, Cavid Tağıyev, Tural Cəlilov, Rəşad Eyyubov, Mirhüseyn Seyidov, Mirzağa Hüseynpur, Məhəmməd Qurbanov, Arif Daşdəmirov, Elnur Abdullayev, Coşqun Diniyev və Namiq Yusifovun ən azı seleksiya xarakterli toplanışa çağırılmalı olduqlarını düşünürəm”. 

 

Komanda.az saytının rəhbəri Rəşad Ergün digər həmkarlarından fərqli olaraq fikrini bir qədər sərt ittihamlarla ifadə etdi. Onun dediklərini olduğu kimi nəzərinizə çatdırırıq: “Berti Foqtsun özünə və milliyə yaratdığı ən böyük problem ölkənin əsas komandasına sifarişlə futbolçu dəvət etmək, ayağı düz-əməlli top tutmayan legionerlərə güvənmək idi. Təbii ki, sifariş də “yuxarı”dan verilirdi. Yığma xalqın yox, Elşad Nəsirov, Elxan Məmmədov və digərlərinin maraqlarına xidmət edirdi. Yığma ölkənin bir nömrəli komandasıdırsa, ora ən yaxşılar, formada olanlar dəvət olunmalıdır. Konkret ad çəkmək fikrim yoxdur. İstisna kimi Türkiyənin aşağı liqasında çıxış edən Branimir Subaşiçi qeyd etmək istərdim. Bildiyim qədər serb futbolçu hazırda yaxşı formadadır və yaşını nəzərə almadan, yığmaya dəvət etmək olar. Yığmanın məşqçiləri Premyer Liqanın son turlarını izləyiblər, kimin nəyə qadir olduğunu görüblər. Ümid edirəm ki, Türkiyədə çıxış edən legionerlərimizlə də maraqlanıblar. Gəlin ümid edək ki, Norveçlə oyuna sifarişlə, tanışlıq xatirinə yox, sırf hazır, formada olanlar dəvət ediləcək”.

 

Nemət AĞAYEV “Het-trik news” qəzeti

Xəbər xətti