İndi hamı ümummilli problemin müzakirəsinə qoşulub. Vəziyyətin amansız diqtəsi üzündən heç kim dəstədən geri qalmaq istəmir. Ona görə durum bir qədər də qəlizləşib. Toya gedib yeyib-içib oynayanlar yaslarımızdakı israfçılıqdan danışır, yasa baş çəkib kədərlənənlər toylarımızdakı israfçılığı qınayır. Müzakirəyə həvəslə, cani-dildən töhfəsini verənlərin öz arqumentləri var. Səs-küydən qulaq batır, ortadakı arqumentdən ayaq basmağa yer tapılmır. Guya başqa sahələrdə gündəlik gördüyümüz israfçılığın qarısını alıb qurtara bilmişik, qalıb bircə mərasimlərdəki israfçılığın axırına çıxmaq. Amma əslinə baxanda mərasimlərimizdəki israfçılıq əleyhinə başlanan bu ümummilli müzakirənin özündə də artıq israfçılığa yol veririk. Qardaşlar, elə anlaşılmasın ki, mən toy və yaslarımızdakı israfçılığın müdafiəsinə qalxmışam. Əsla. Deməyim odur ki, bir ətrafımıza da boylanaq, az qala hər addımbaşı gördüyümüz israfçılıq hallarının da ictimai müzakirəyə çıxarmaqda özümüzdə güc tapaq. Götürək elə...
Futbolumuzdakı israfçılığın, daha doğrusu, israfçılıqların niyə adını çəkən yoxdu? Yığmamızın indi artıq keçmiş baş məşqçisi Berti Foqtsun illər uzunu Almaniyada otura-otura Azərbaycandan maaş alması israfçılıq deyildi? Hələ mən millimiz üçün səxavətlə sağa-sola xərclənən paraları demirəm. Başqa detallar da var, sadəcə, çox xırdaçılığa varmaq istəmirəm.
Hakim dostlarımıza ürəyim yanır, bir oyunda nə qədər fit çalarlar? Bizim referilər oyunboyu o qədər yerli-yersiz fit çalırlar ki, adamın başı ağrıyır. Üstəlik, gül kimi Premyer Liqamızın da dadı-duzu qaçır. Yayın qızmar istisində, payızın selləmə yağışında, qışın dondurucu şaxtasında bu qədər fit çalan adamda can qalar? Gənc insanların sağlamlıqlarını da yelə veririk gedir. Bilmirəm, bu fit israfçılığına onları kim belə məcbur edir? Ədalət deyilən məsələni meydanda qorumalı olan hakimlərimizin israfçılıqları bununla bitmir ki... Bəs, rəngbərəng vərəqələr? Hərdən mənə elə gəlir ki, avtobus sürücüləri kimi referilərimizə də plan qoyublar. Yoxsa bu qədər vərəqə israfçılığına kim razı olar? Premyer Liqamızın oyunlarına təyinat alan hakimlər nəinki qeyri-idman hərəkətinə və ya oyunun bərpasını ləngitməyə, hətta matçdan əvvəl dişini fırçalamadığına görə də futbolçuya vərəqə göstərirlər. Ötən yazılarımın birində qeyd etmişdim, bizdə hətta oyunçunun üzündəki xalına görə də vərəqə verən hakim var. İnanmayanlar, məni məsələyə qərəzli yanaşmaqda suçlamaq fikrinə düşənlər çempionatın növbəti turunun oyunlarını bir balaca diqqətlə izləsələr fit və vərəqə israfçılığını görəcəklər. Çünki bu məsələni görməmək mümkün deyil.
Amma nədənsə, camaatımız hakimlərin bu israfçılığına biganəlik nümayiş etdirir. Toy və yas mərasimlərindəki israfçılıqdan danışıb yorulmayan insanlar hərdən bir futbolumuzdakı bu problemi də müzakirə etsələr, dünya dağılar, yoxsa BMT-nin üzüyünün qaşı düşər? Bəlkə FİFA-nın pulunu balta kəsər? Deyirəm bəlkə fit və vərəqə israfçılığının özünə də bir vərəqə göstərək. Özü də qırmızısından...
Uzun-uzadı yazıb sizi yormaq və vaxtı israf etmək istəmirəm. Bir yandan da hakimlərimizin qınağından çəkinirəm. Referilərimiz deyəcəklər ki, bizi fit və vərəqə israfçılığına görə tənqid edir, amma özü...
Etibar Cəbrayıloğlu “Het-trik news” qəzeti
saytlarin hazirlanmasi