"Qəbələ"nin vəziyyəti lap "düzələcək" YAZI

14:20 - 5 Noyabr 2014

"Araz Naxçıvan" çempionatı tərk etsə...

 

Artıq neçə ildir ki, iddiası ilə oyunu bir-birini tamamlamayan “Qəbələ” bu mövsüm də simasını dəyişə bilmir. Yenə qeyri-sabit nəticələr, yenə baxımsız oyun tərzi.

 

Oyunuyla heç bir ümid vəd eləməyən “Qəbələ”yə daha bir zərbə dəyə bilər. Bildiyiniz kimi, “Araz Naxçıvan” elitanı tərk edir. Bu isə o deməkdir ki...

 

Rövnəq Abdullayev Naxçıvan klubunun rəhbərliyini fikrindən daşındıra bilməsə, ən ağır zərbə məhz “Qəbələ”yə dəyəcək. Çünki əsasnamədə bu tip hallar üçün nəzərdə tutulmuş qaydada deyilir ki, komanda oyunların 50%-dən azını keçiribsə, onun nəticələri ləğv edilir. Komanda oyunların 50% -ni və çoxunu keçiribsə, bu zaman bütün qalmış oyunlarda komandaya 0:3 hesablı məğlubiyyət verilir. Naxçıvan təmsilçisi isə çempionatda oyunların 50 faizdən azını keçirib. Deməli, nəticələr ləğv olunacaq.

 

“Qəbələ” aktivindəki 18 xaldan 6-nı məhz “Araz Naxçıvan”dan alıb. Bu gedişlə, “Qəbələ”nin 12 xalı olacaq. 9 oyundan sonra 12 xal!

 

Məlumat üçün deyək ki, ilk turda “Araz Naxçıvan”a uduzan “Neftçi” bu halda 20 xalla lider olacaq. “Qarabağ”18, “İnter” 15, “Xəzər Lənkəran” 14, “Qəbələ” isə 12 xalla növbəti pillələrdə qərarlaşacaq. “Qəbələ” eyni zamanda 11 xalı olan “Simurq”un və 10 xalı olan “Sumqayıt”ın nəfəsini daha aydın hiss edəcək.

 

Komanda yaxşı oyun nümayiş etdirirsə, xal itkiləri o qədər qorxulu olmur. Çünki oyun olan yerdə nəticə də gəlir. Ancaq “Qəbələ” haqqında bunları demək olmur. Əyalət klubu “Sumqayıt”la qalmaqallı oyunda məğlub olsaydı, bu gün heç 12 xalı da olmayacaqdı.

 

Görünən odur ki, “Qəbələ” də heç vaxt düzəlməyən klublarımıza aiddir. Düzgün məşqçi seçə bilmirlər, seçdikləri isə heç cür özünü göstərə bilmir. Klub strategiyası hələ də qeyri-müəyyən olaraq qalır. Axı, necə ola bilər ki, bir ölkədə Şahin Diniyev kimi savadlı, yerli futbola yaxşı bələd olan biri qala-qala gedib hər dəfə uğursuz seçim edirlər? Artıq bütün dünyada yaxşı məşqçi anlayışı, uyğun məşqçi ilə əvəzlənib. Artıq hamı klubuna uyğun, klubun fəlsəfəsini, imkanlarını, potensialını daha yaxşı bilən mütəxəssislərə güvənir. Heç kim zəmanət verə bilməz ki, misal üçün, Hollandiyada və ya Avstriyada yaxşı işləyən məşqçi mütləq gəlib Azərbaycanda da eyni uğuru təkrarlayacaq. Hər yerin öz ab-havası, öz şərtləri, özünə xas özəllikləri olur. Bunu dərk etmək bu qədərmi çətindir?

 

Çox təəssüf ki, “Qəbələ”yə Şahin Diniyev kimi məşqçi sərf etmir. “Qəbələ” də AFFA-nın yoluyla gedir. Sadəcə, AFFA-dakıların əcnəbi sevdasının arxasında nələrin gizləndiyi demək olar ki, futbolumuzda hamıya məlumdur. “Qəbələ”də isə...

 

Emin ABBASOV 

Xəbər xətti