Dönərçidən, perajki satandan tutmuş, su satanına kimi... YAZI

14:11 - 6 Noyabr 2014

“Mədəni şüur” cəhətdən geriliyimiz var

 

Hər şeyimiz düzəldi, qaldı saqqal darağımız. Bunu əbəs yerə xatırlatmıram. “Qarabağ” klubu bilet satışında neqativ halların aradan qaldırılması üçün əlindən gələni edir. Bəs, bizlər? Bəs, təhlükəsizlik orqanları? ..... 

 

Qardaş, bu gün “məmə yeyəndən pəpə yeyənə” qədər hamı stadionun yxınlığında bilet satışı ilə məşğuldur. Dönərçidən, perajki satanından tutmuş, su satanına kimi. Avropalaşmaqdan, inteqrasiyadan danışırıq, bəs, bunları kimin ayağına yazaq?! Heç kəs inciməsin, amma məncə qara bazardan biletin ikiqat məbləğdə pul verib bilet alanlar da satanlar qədər günahkardır. Sizlərsiniz onları iştahlandıranlar. 

 

Mən siravi vətəndaş kimi bütün bunları görürəm, necə olur ki, bu işlə məşğul olmalı olan orqanlar bunu görmür?! Burda nə isə var, adamın ağlına başqa bir fikir də gəlmir. Monitorinqə ilk növbədə kassada oturanlardan başlamaq lazımdır. Elə də çətin deyil axı. Siravi bir vətəndaş kimi yaxınlaşıb hər şeyin şahidi ola bilərsiniz. Nəyə görə 2 manat olan biletə siravi azarkeş 5 manat ödəməlidir. Kimədir bunun xeyri? Vergidə öz əksini tapır mı ki, deyək hə, cibimizə dolayı xeyri var. Yox elə deyil. Bəlkə “Qarabağ”ın burada marağı var. Yox, bu da deyil. Klub rəhbərliyi saxta bilet satışının qarşısını almaq üçün hər şey edib, hətta Türkiyədə istehsal olunan təkrarlanması mümkünsüz holoqramlar təşkil edib. 

Yaxşı, ay qardaşlar, “mən vurmadım, sən yıxılmadın”. Bəs, kimdir müqəssir? Mən deyərdim ki, bizim bəzi məsələlərdə “mədəni şüur” cəhətdən geriliyimiz var. Təbii, bu hər kəsə şamil edilmir. Bax nə zamanki bizim növbədə dayanmaq mədəniyyətimiz olacaq, bax onda qara bazar qismən azalacaq. Mən təklif edirəm ki, biletlərin qiyməti qaldırılsın. Qoy kluba dəysin xeyiri. Onsuz da azarkeşlər gedib ikiqat məbləğ ödəyir. Və qara bazarda satılan biletlər nisbətən ucuz biletlərdir.

 

P.S. Hamı saxta biletdən danışır, bu “dəvədə qulaq” kimi bir problemdir. Əsl problem “qara bazardır”. Bunu yığışdırın.

 

Elnur AZERİSOY

Xəbər xətti