"Əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Dnepr”ə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib. Sportal.az xəbər verir ki, Qurbanov öncə qarşılaşma haqqında ümumi fikirlərini çatdırıb.
- Oyun haqqında onu deyim ki, istəməzdik ki, məğlub olaq. Ən azı heç-heçə olmasını istəyirdik. Bir qələbə turnir cədvəlində hər şeyi dəyişir. Düşünmədiyimiz səhvlərdən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdu. Kiyevdəki qələbəni çox şişirtməməli olduğumuzu demişdim. Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq.
- “Qarabağ” Avroliqada ilk topu buraxdıqdan sonra qələbə qazana bilmir. Bunun səbəbini nədə görürsünüz?
- “Tvente” ilə səfər matçında top buraxdıqdan sonra qol vurduq. Bunun səbəbini bilmirəm.
- “Qarabağ” sanki heç-heçəyə oynayırdı.
- Yox, bu belə deyildi. İlk dəqiqələrdən biz heç-heçə haqda düşünmürdük. Biz düzgün oyun göstərmək və maksimum oyun nümayiş etdirmək istəyirdik.
- Nikola Kaliniç və Mauro İkardidən hansı sizin üçün təhlükəli hücumçu idi?
- Hər iki futbolçunun özəl cəhətləri var. Kaliniç bu gün komandasının ən yaxşılarından idi. Səviyyəsini bu gün ortaya qoydu. Amma İkardinin də özünəməxsus cəhətləri var. Onlar fərqli çempionatlarda çıxış edirlər.
- Muarem Leroy Corca ötürmə versəydi, başqa cür ola bilərdi. Sizə elə gəlmirmi ki, komanda oyununda bir qədər eniş var?
- Bəlkə kənardan belə görünə bilər. Həmişə oyunçulara kollektiv futbolu aşılamağa çalışıram. Amma həmin epizodda Leroyu görmək çətin idi. İnanmıram ki, o Corcu görsəydi, ötürmə verməyəcəkdi.
- “Qarabağ”ın pley-off şansları nə dərəcədə real görünür?
- Əlbəttə ki, biz də azarkeşlərimizi məyus etməyi istəmirdik. Amma hər bir rəqibə hörmətlə yanaşmalı, ona qiymət verməliyik. Şanslara gəlincə, əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də “Sent-Etyen”lə oyun bundan asan olacaq. Çünki “Dnepr”ə qələbədən sonra Bakıda hardasa yenilgiyə hazır idim. Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdi. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq. Öz oyunumuzu hər dəfə yaxşılaşdırmağa çalışırıq. Oyun sxemimizdə dəyişiklik olmur. Səfərdə də, evdə də eyni cür mübarizə aprırıq.
- Rəqib baş məşqçi oyunu Reynaldo üzərində qurduğunuzu və onu bağlamağa çalışdıqlarını bildirib. Buna münasibətiniz necədi?
- Biz bu gün oyunu Reynaldo üzərində qurmamışdıq. Bilirdik ki, bəzi futbolçularımız bağlayacaqlar. İlk hissədə Riçarda qarşı təkbətək oynayırdılar. Amma bəzi dəyişikliklər etməklə, hardasa bunun qarşısını almağa çalışdıq. Amma həmkarım belə düşünürsə, onun fikirlərinə hörmətlə yanaşıram.
- “Qarabağ” yerlə oynamağı sevən, “Dnepr” isə hava toplarına üstünlük verən komandadı. Amma siz ilk qoldan sonra hava toplarında rəqibin təhlükəli olmasının qarşısını almağa çalışmaq üçün heç nə etmədiniz...
- Bəzən hər şey bizim istədiyimiz kimi alınsa, rəqibə qarşı oynamaq da asan olar. İlk hissədə dediyiniz amil vardı. İkinci hissədə Riçardı geriyə çəkməklə, ona bir qədər sərbəstlik verməyə çalışdıq. Həmişə istədiyin kimi oynamaq olmur. Rəqibi də nəzərə almaq lazımdı.
- Siz uzun müddət Rusiyada çıxış etmisiniz. Niyə mətbuat konfransını rus dilində aparmırsınız?
- Ona görə ki, bizim mentalitetimiz var. Əgər rus dilində danışmaq istəyirsinizsə, mən sizinlə mətbuat konfransından sonra təkbətək danışa bilərəm. Amma indi tərcüməçimiz var və UEFA qaydalarına uyğun olaraq öz dilimizdə danışıram (bu yerdə yerli jurnalistlər Qurban Qurbanovu alqışlara tutur – S.T.).
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi