Azarkeşləri stadionlara qaytaran "Qarabağ" YAZI

13:00 - 7 Noyabr 2014

Dilindən, dinindən, cinsindən, irqindən, peşəsindən, vəzifəsindən, statusundan, sosial vəziyyətindən asılı olmayaraq? dünən on minlərlə azarkeş Tofiq Bəhramov adına Respublika stadionunda çox gözəl futbol atmosferi yaratmışdı. Əsl anşlaq idi. Hələ mən stadiona müəyyən səbəblərdən gələ bilməyib, evdə mavi ekranların qarşısında “Qarabağ”ımızı dəstəkləyən milyonları demirəm.

 

“Qarabağ” azarkeşləri yenidən stadionlara qaytardı. Bizlərdən özünəməxsus oyun tərzi ilə alqış və təqdir topladı. İstər məşqçisi, istər rəhbərliyi, istərsə də heyəti ilə hamımızı sevindirdi. Hər kəs xarakter sərgilədi. Hər biri əlindən gələnin maksimumunu etdi. Ən azı bunlara görə biz onlara minnətdarıq.

 

Dünənki məğlubiyyətə görə qətiyyən məyus olmadım. Bu, futboldur və futbol hər nəticəyə açıq oyun olduğu üçün minlərin, milyonların sevimlisidir. Əsas odur ki, komanda düzgün yoldadır, klub düzgün siyasəti bəlirləyib və ən vacibi deyərdim ki, komanda hər oyun gələcəyə dair müsbət siqnallar verir. Pisi də ola bilərdi. Məsələn, Foqtsun başçılıq etdiyi yığma komandamız təsnifat mərhələsində Şimali İrlandiyadan, Rusiyadan, İsraildən xallar alanda belə, biz azarkeşlər daim oyundan və komandadan narazı idik. Bir neçə il əvvələdək azarkeşlər qrup mərhələsini ancaq xəyallarında, röyalarında və xülyalarında görürdülər. “Neftçi” və “Qarabağ” ilkləri gerçəkləşdirdi. Hər ikisində də yerli məşqçi, səviyyəli legionerlərin və yerli oyunçularımızın əzmkarlığı sayəsində. Bu, danılmaz həqiqətdir.

 

Yaxın keçmişimizdə Qurbanovun yerlilərdən yaratdığı heyətlə dəfələrlə “play-off” mərhələlərinədək gəldik. Deməli, yerli oyunçuların da qabında nə isə var. Yığmamızın seçmə mərhələlərdə “play-off”-a dək gəlməsi bizlər üçün xülya olmamalıdır. İnşallah AFFA rəhbərliyi də bunu anlayar və düzgün məşqçi seçimi, düzgün strategiya və bir neçə səviyyəli legionerin milliləşdirilməsini təmin etməklə nəaliyyətlərimizin milli səviyyəsində də davamlılığını təşkil edər.

 

Mövzudan çox da uzaqlaşmayaq. Qayıdaq “Qarabağ”ın dünənki oyununa. “Qarabağ”ın məğlub olmasında acizanə bir fikir bildirmək istərdim. Təbii ki, bu mənim fikrimdir və razı olub olmamaq siz oxucularımızın öz seçimidir. Məncə başlıca problem legioner limitidir ki, zədəli və cəzalı oyunçu olan kimi özünü büruzə verir. Necə ki, dünən Çumbinyonu meydanda tam olaraq əvəzləyəcək oyunçumuz yox idi. Reynaldonun yoxluğunda onun alternativi yoxdur. Hələ mən “maestro”nu, yəni Almeydanı demirəm. Məncə, legioner limiti oyunçu yetişdirməyin əsl səbəbi deyil. Misal da çəkə bilərəm. İnanmıram ki, hazırki şəraitdə hansısa bir legioner gəlib Badəvinin yerini tuta. Onu nəzərə almaq lazımdır ki, bura kiçik futbol ölkəsidir, qısa müddətdə oyunçu yetişdirmək mümkünsüzdür və top klublar səviyyəsində legionerləri cəlb etmək də, bir o qədər də asan deyil. Yaxşı oyunçunun əlindən formasını heç bir ağıllı məşqçi almayıb, ala da bilməz.

 

Tutaq ki, dünən Almeyda kənarda ehtiyyatda oturub, komanda 1-2 hesabı ilə məğlub durumdadır. İnandırıram ki, 30 min azarkeş Almeydanı səsləyəcək. Əgər legioner limiti tətbiq olunmasaydı, ən azı mərkəz müdafiəçilərinin qarşısında cüssəli və oyunun iki tərəfini də oynaya bilən oyunçu transfer etmək olardı. Hücuma “pilot” oyunçu transfer etmək olardı. Təbii burda məşqçi seçimləri və oyun taktikası, fəlsəfəsi də az rol oynamır. Zənnimcə, dünən oyunun qırılma anı Muaremin topu boş qapıya baş ilə göndərə bilmədiyi epizod idi. Bir də Leroy bir az daha oynaya bilərdi. Amma bütün bunlara baxmayaraq, “Qarabağ” klubuna sadaladığım hər bir amil üçün təşəkkür edirəm!!! Məğlub olsanız da, növbəti mərhələyə adlaya bilməsəniz də, nəticələrin çox da uzaqda olmadığını blirəm. 3 gün tez, 3 gün gec. Uğurlarinizin davamına inanıram!

 

Elnur AZERİSOY

Xəbər xətti