Rövnəq Abdullayevin gecikmiş etirafı YAZI

14:30 - 7 Noyabr 2014

AFFA-nın prezidentindən“Araz Naxçıvan”ın çempionatı tərk etməsi ilə bağlı fikir soruşublar. Rövnəq müəllim də deyib ki, xəbərim yoxdur, başım qarışıq olduğundan bu məsələ ilə maraqlanmamışam.

 

Rövnəq Abdullayev bu cavabı ilə böyük bir yükü götürmüş oldu çiynimdən. İki il əvvəl PFL prezidenti Ramin Musayev “Futbol saatı”nın qonağı idi. AFFA-da prezident seçkiləri keçirilməli idi o ərəfələrdə. Həmin verilişdə dedim ki, Rövnəq müəllim məlum səbəblərdən AFFA-ya vaxt ayıra bilmir. Elə bunu deməyimlə Ramin Musayevin üzü çöndü. Az qaldı Ramin müəllim basıb gözümü çıxarsın ki, AFFA prezidentinə böhtan atırsan (yazının sonunda həmin görüntülər təqdim olunub). Yadımdadır, həmin verilişdən sonra rəhbərlik də məni tənbeh elədi ki, Rövnəq Abdullayev haqqında səhv fikirdəsən. Hətta düşünürdüm ki, bəlkə mən doğrudan da səhv demişəm.

 

Ancaq sağ olsun, Rövnəq müəllim. Düz iki ildən sonra etdiyi bir etirafla o vaxt səhv danışmadığımı göstərdi. Həm Ramin Musayevə, həm də o vaxtkı “Xəzər TV” rəhbərliyinə. Amma indi nə faydası? 

 

Artıq neçənci dəfədir ki, AFFA prezidenti yerində olmayan cavabla yadda qalır. Türkiyə mətbuatı da yazır ki, Azərbaycan klubu etiraz əlaməti olaraq çempionatı tərk edir, federasiya rəhbəri isə deyir ki, xəbərim yoxdur. Bundan daha bərbad cavab düşünmək olmazdı...

 

Hərdən mənə elə gəlir ki, bəzi şəxslər bilərəkdən Rövnəq Abdullayevə səhv istiqamət verirlər ki, ictimaiyyət onun dediklərini gülüşlə qarşılasın. Bu məsələdə “araşdırılır” ifadəsi kifayət idi ki, problemin həlli üçün lazım olan vaxtı əldə edəsən. Əminəm ki, Rövnəq bəyin bu məsələdən xəbəri var. Sadəcə, söhbət hansısa sıradan klubdan yox, Naxçıvan Muxtar Respublika təmsilçisindən getdiyi üçün ehtiyatlı davranmağa çalışır. Amma cavab necə olursa olsun, “xəbərim yoxdu”, “başım qarışıq idi” ifadələrindən ibarət olmalı deyildi.     

 

Azərbaycan futbolunu idarə etmək asan məsələ deyil. Çünki milyonların dövr etdiyi bu sahədə maraqlar tez-tez toqquşur. Hər dəfə də bütün tənqidlər sonda Rövnəq Abdullayevə yönəlir. Abdullayev SOCAR rəhbəridir və onun futbola vaxt ayıra bilməməsi haradasa anlaşılandır. Ancaq bu halda, vitse-prezidentlər mütləq futbol adamları olmalıdırlar. Ki, hər dəfə futbolumuz kənardan yiyəsiz övlada bənzəməsin.

 

Emin ABBASOV 

 

Xəbər xətti