"Onun hansı səviyyədə oynadığını siz də bilirsiniz"
“Qarabağ”ın futbolçusu Maksim Medvedev apasport.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Avropa Liqasının IV turunda Ukraynanın “Dnepr” klubuna 1:2 hesabı uduzduğunuz oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, rəqib bura məğlub olmaq üçün gəlmir. Buna hazır idik. Bəzi epizodlarda diqqətsiz olduq və nəticədə qapımızdan 2 top buraxdıq. Belə olmağını istəməzdik. Stadionu dolduran və bizi sona qədər dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda səhvimizi düzəldək.
- Diqqətsizlik deyərkən nəyi nəzərdə tutursunuz? Komandada nə çatışmırdı?
- Son ötürmə çatmırdı. Həm də qapını hiss etmirdik. Buna görə də zərbələrimizin əksəriyyəti qapının yanından keçirdi.
- Bir çox epizodda üz-üzə gəldiyiniz Yevgeni Konoplyankanı saxlamaq çətin deyildi?
- Əlbəttə, çətindir. Onun hansı səviyyədə oynadığını və xidmətində hansı klubların maraqlı olduğunu siz də bilirsiniz. Həm də komanda tək Konoplyankadan ibarət deyil. Kaliniçə qarşı da oynamalı olurdum. Hamını bağlamaq olmurdu. Çalışırdıq ki, bir-birimizi sığortalayaq. Bəzən hansısa futbolçunu saxlamaq çox çətin olur.
- Ukraynadakı oyundan fərqli, “Dnepr”in sizi daha yaxşı öyrəndiyini söyləmək olarmı?
- Oyuna real yanaşsaq, onların real şansları elə də çox olmadı. Birinci hissədə Konoplyankanın epizodunu qeyd etmək olar. Onda da topu əyri vurdular. Yeganə epizod idi ki, onlar komanda şəklində hücuma çıxmışdılar. Qalan vaxtda topu əsasən qabağa vururdular, Kaliniç də topu qəbul edirdi. Oyunu bu cür qurmuşdular. Biz isə topu daha yaxşı saxlayırdıq. Ancaq son ötürmələr çatışmırdı.