Mahmud Qurbanov üçün Norveç həqiqəti
Başıbəlalı millimiz bir neçə gündən sonra Norveç qarşısına çıxmalıdır. Bu dəfə Foqtsuz, həm də “fokussuz”. Deyirlər, hər yaxşı məşqçi özündən sonra işlədiyi komandada nə isə qoyub gedir. Təəssüf, Berti Fotqs özündən sonra heç nə qoyub getmədi millimizdə. Nə bir futbol fəsləfəsi ortaya qoydu, nə də onun tapıb üzə çıxartığı çoxsaylı həvəskar türklər daha millimizə lazım oldu.
Fotqsun 6 illik qanqaraçılıqlarından sonra, bir oyunluq da olsa, milli məsuliyyət Mahmud Qurbanovun üzərinə düşüb. Qurbanov millətin gözündən düşmüş millini Norveçlə oyuna elə hazırlamalıdır ki, camaat da görsün ki, bu illərdə az-çox nə xal yığıblarsa, futbolçular öz bacarıqları hesabına ediblər. İndi o yazıqlar neyləsinlər ki, Elxan Məmmədov qələbələri Foqtsun, məğlubiyyətləri isə futbolçuların adına çıxardıb.
Əslində Mahmud Qurbanovun təyinatının arxasında bir çox maraqlar gizlənir. Yenə maraqlar, maraqlar, maraqlar... Futbolumuzun evini yıxan maraqlar! Millimiz Norveçə acınacaqlı şəkildə məğlub olsa, düşünməyin ki, AFFA-dakıların qanı qaralacaq. Əsla yox! Mahmud Qurbanovun təyinatı məhz uğursuzluğa hesablanıb. Elxan Məmmədov əmindir ki, millimiz uduzacaq və o da yuxarı dairələrə “bu da azərbaycanlı məşqçilərin səviyyəsi” mesajını göndərmiş olacaq. Onsuz da Norveçlə oyunda qələbə qazansaq da, milliyə əcnəbi məşqçi gətiriləcək. Sadəcə, yolüstü yerli məşqçilərə savadsız damğası vurmaq üçün Mahmud Qurbanovu “rasxoda” buraxmaq istəyirlər. Allah köməyi olsun!
Bu AFFA-nın əcnəbi sevdası heç vaxt bitməyəcək. Onlar da yaxşı anlayırlar ki, hər hansı əcnəbi buraya gəlsə, ən azı iki il vaxt tələb olunacaq ki, futbolumuzun potensialına bələd olsun, futbolçuları tanısın, buranın ab-havasına uyğunlaşsın. Amma yenə o maraqlar. Məhz o maraqlara görə, millimizin baş məşqçi postu əcnəbilər üçün ömürlük “bron” edilib.
Emin ABBASOV
P.S. Hər şeyə rəğmən, Mahmud Qurbanovlu yığmanın Norveçlə oyunda yaxşı nəticə göstərəcəyinə inanıram!
saytlarin hazirlanmasi