Şuşa uğrunda müharibə YAZI

13:45 - 10 Noyabr 2014

Vətənlə alver edirlər

 

Şuşa uğrunda müharibə başlayıb. Cəbhədə yox, Bakıda. Dava da torpaq davası deyil, pul davasıdı. İki qrup Şuşanın adından istifadə edərək, pul qazanmaq istəyir. Bir neçə il əvvəl “möşennik”lər klassik azərbaycansayağı üsuldan yararlanmaq istədilər. “Şuşa” adlı futbol klubu yaratdılar. Klubu ictimaiyyətə təqdim edən kimi də, dilənməyə başladılar. “Şuşa yaralı yerimizdi, vətən müqəddəsdi, Şuşanın dağları yaşıl, səması göydü, hər bir azərbaycanlının borcudu ki, bu kluba yardım etsin” deyib, Azərbaycan boyu haray saldılar. “Moşenniklər” az qala hamını günahkar çıxarırdılar, “Şuşa”ya yardım olunmamasına görə. 

 

Adama deyərlər ki, pulun yoxdusa, klub niyə yaradırsan. “Şuşa” adlı klub yaradıb, sonra da dilənməyin adı nə? 

 

Üstündən bir müddət keçəndən sonra bu “moşenniklər” iki qrupa bölünüb. Birinə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, birinə də Azəri Hüseynov adlı şəxs rəhbərlik edir. Hüseynov deyir ki, klubu verirəm Türkiyədən gələn “moşenniklər”ə.  Ramin Musayev də deyir ki, olmaz, adını dəyişəcəm komandanın, “Şuşanın dağları” qoyacam.

 

Bu tərəfdən də Ramin Musayevin qruplaşmasında olan Nadir Qasımov yenə də dilənçilik edir, deyir ki, pullu şuşalılar komandaya yardım etsin. 

 

Yenə də adama deyərlər ki, pulunuz yoxdu, verin komandanı Türkiyədən dəvət olunmuş fırıldaqçılara, sizin də canınız qurtarsın, Azərbaycanın da. Yenə də adama deyərlər ki, ay Nadir müəllim, Şuşanın varlı adamları sənə niyə pul verməlidi? “Şuşa” adlı klub yaradanda şuşalılarla məsləhətləşmişdiz? Soruşmuşduz ki, ay şuşalılar, sizə futbol lazımdı, ya yox? 

Adamdan dübarə soruşarlar ki, ay Nadir müəllim, sən heç, ağsaqqalın Ramin Musayev bilir ki, Şuşa məktəbləri harda yerləşir, o məktəblərin maddi-texniki bazası necədi, şuşalı uşaqlar məktəbə gedəndə nə geyinirlər, necə təhsil alırlar? Ramin Musyev bilir ki, valideyini Qarabağ döyüşlərində şəhid olmuş neçə şuşalı var, onlar necə yaşayırlar, ev-eşik, 150 minlik maşın demirəm, yeməyə çörəkləri varmı?

 

Şuşanın varlı adamları pulu o məktəblərə, uşaqlara, çörəksizlərə ayırar də. Daha bir dəstə “moşennik”ə niyə verməlidirlər ki, qazandıqlarını? 

 

Saç-saqqalları ağarıb, amma yenə də utanmırlar, Vətənlə alver edirlər. “Şuşa” adlı klub yaradıb, sonra da dilənməyin adı nə? Vətən alverçiliyi!

 

Natiq Muxtarlı/Rekord.az

Xəbər xətti