"Milli üzvləri azərbaycanlı məşqçinin güclü olduğunu sübut etməlidi" MÜSAHİBƏ

17:45 - 10 Noyabr 2014

"Dnepr" kifayət qədər Avropa təcrübəsinə malikdi"

 

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Azərbaycan millisinin Norveçlə oyunundan, Mahmud Qurbanovun millidəki işindən və "Qarabağ"ın Avroliqadakı çıxışından danışıb:

 

- İlk olaraq Azərbaycan millisindən danışaq. Mahmud Qurbanovun rəhbərlik etdiyi millimiz Norveçə qarşı nə edə bilər?
- Mahmud Qurbanovun zəngin futbolçu karyerası olub. Norveçlə oyun həm onun, həm də futbolçular üçün vacibdi. Mahmud özünü bir oyunla göstərə bilməz. Amma bu oyunda normal nəticə olsa, ona qarşı münasibət dəyişəcək. Millinin üzvləri arasında hörmətə malikdi. İndi sadəcə qalır millini yaxşı vəziyyətdə hazırlamaq. 10-15 günə millini tam dəyişmək mümkün deyil. Bununla belə Norveçlə oyuna qədər irəliləyiş etmək olar. Futbolçular Mahmuda kömək olmalıdı.

 

- Adətən baş məşqçi dəyişəndə futbolçular özlərini daha yaxşı tərəfdən göstərməyə çalışırlar. Norveçlə oyunda biz bunu görə bilərik?
- Mahmud baş məşqçi kimi təsdiqlənməyib. Bu amil də pisdi. Çünki, futbolçular onun daimi olmayacağını bilir. Amma bu, milli üçün vacibdi. Millinin futbolçuları azərbaycanlı məşqçinin güclü olduğunu sübut etməlidi. Yerli məşqçinin işinin daha yaxşı olduğu görünməlidi. Foqts artıq yoxdu. Mahmuda dəstək olmaqla yığmadakı növbəti məşqçinin yerli olmasının vacib olduğunu göstərmək olar.

 

- Gəlin, "Qarabağ"ın Avropa Liqasındakı çıxışından danışaq. "Dnepr"lə Bakıda belə oyun gözləyirdiz?
- "Qarabağ" yaxşı oynadı. Sadəcə, rəqib güclü idi. "Dnepr" Bakıdakı oyuna ciddi hazırlaşmışdı. Onlar üçün burda 3 xal qazanmaq pley-off baxımından əhəmiyyətli idi. Reynaldonun ilk dəqiqələrdə olduğu qol vəziyyəti dəqiq olsaydı, matç başqa hesabla da başa çata bilərdi. Futbolda vurmayana vurarlar. Eyni zamanda bütün oyunları udmaq olmaz. Rəqib qələbəni daha çox istəməsini ağıllı və təmkinli oyunla sübut etdi. Bəlkə təcrübə də Ukrayna təmsilçisinin tərəfində oldu. Bu oyundan sonra da pley-off şansları qalır. Son iki matçda yaxşı oynamaq və xal qazanmaq lazımdı.

 

- Məğlubiyyətin əsas səbəbini nədə görürsüz?
- Səhvlərdə. "Qarabağ" bir neçə səhvə yol verdi. Rəqib daha cəld və sürətli oyunuyla iki qol vurdu. Ağdam təmsilçisində futbolçular müdafiədən hücuma gec keçirdi. Ləng olduqları üçün kifayət qədər təhlükə yarada bilmirdi. Bütün zonalarda oynamaq mümkün olmurdu. Çumbinyonun yoxluğu özünü böyük ölçüdə göstərdi. Çumbinyosuz ortada oynayan tapılmırdı. Bizim komandalarda adətən bir-iki futbolçu olmayanda bu amil özünü göstərir.

 

- Bəlkə "Qarabağ" həm avrokuboklarda, həm Azərbaycan çempionatında eyni zamanda mübarizə aparmaqda çətinlik çəkir?
- İki il əvvəl 14 futbolçuyla "Neftçi"də işləyəndə bu çətinliyi çəkmişəm. O zaman 3 cəbhədə vuruşurdum. İndi "Qarabağ" da ölkə kuboku, çempionat və Avroliqada mübarizə aparmağın çətinliyini görür. Çox ağırdı. Digər tərəfdən biz klublarımızdan bütün uğurları eyni anda istəyə bilmərik. "Dnepr" kifayət qədər Avropa təcrübəsinə malikdi. Bizim futbolçularla rəqibin oyunçularının fərdi ustalığını müqayisə edəndə fərq ortaya çıxır.

 

- Bəziləri deyir ki, Reynaldo artıq əvvəlki oyunu göstərmir...
- "Dnepr"lə oyunda Şehiç yaxşı çıxış etdi. Almeyda meydanın hər yerində oynayırdı. Riçard hücuma keçmək üçün çox çalışırdı. Amma bir-iki futbolçuyla iş bitmir. Reynaldoya gəlincə, ötən mövsüm dediklərimi yadınıza salın. Azərbaycan çempionatında oynamaqla iş bitmir. Əsas avrokuboklarda mübarizə aparmaqdı. Reynaldo Azərbaycanda başqa, Avropada isə tam başqa səviyyəli müdafiəçilərə qarşı çıxış edir. Hücumçu kimi böyük potensiala malikdi. Lakin son oyunlarda maksimal oyununu göstərmir. Digər məqam onun başqa oyunçulara həlledici anda ötürmə verməməsidi. Bəzən elə olur ki, ötürmə versə, daha yaxşı olar.

 

- "Qarabağ"ın pley-off şansları necədi? Sizcə, qrupdan çıxmaq olar?
- "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə adlamaqla azarkeşlərini sevindirdi. Evdə "Dnepr"ə uduzmasaydıq, daha yaxşı olardı. Lakin şanslar hələ var. 3 komanda eyni xala malikdi. Əsas mübarizə Fransada olacaq. Biz orada tam fərqli "Sent-Etyen" görəcəyik. Onlar Bakıdakı kimi oynamacayaq. Səfərdə xal götürsək, bizim üçün son məqam İtaliyanın "İnter" klubuyla olacaq. "Qarabağ"a digər oyunlardakı nəticələr də vacibdi. İstənilən halda komanda kifayət qədər yaxşı oyunlar sərgilədi. Son iki matçda da maksimal nəticəyə oynamaq lazımdı.

Xəbər xətti