"Akademiyada hər il o qədər uşaq yetişir, ancaq bu uşaqları üzə çıxara bilmirlər"
“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu yenidən “Kuban”a qayıda bilər. Rusiya mətbuatında yazılanlara inansaq, Viktor Qonçarenkonun istefasından sonra bu posta ən real namizəd rumıniyalı mütəxəssisdir.
Məsələ ondadır ki, Muntyanunun “Qəbələ”dəki işi də o qədər effektli deyil. Ümumiyyətlə, “Qəbələ” məşqçi seçimində ən çox yanılan klublar siyahısında öndə gedənlərdən hesab olunur. Rumıniyalı mütəxəssis getsə, onu kiminlə əvəzləmək olar?
Bu sualla Azərbaycan Futbol Veterenları İttifaqının prezidenti Oqtay Abdullayevə müraciət etdik. Sportal.az saytına açıqlama verən Oqtay bəyin bu məsələyə münasibəti belə oldu:
“Qəbələ” Azərbaycanda peşəkarlığına görə seçilən klubdur. Klubun infrastrukturu göz oxşayır, uşaq futbol akademiyasında da böyük işlər görülür. Bu klub inkişaf yolunu doğru xəttlə keçir ki, bu, həm də bir qəbələli kimi məni sevindirir.
Bu klubun çatışmayan cəhəti məşçqi seçimində tez-tez yanılmasıdır. “Qəbələ”nin əcnəbi məşqçilərə olan tələbatını heç cür anlaya bilmirəm. Bu illər ərzində nə qədər əcnəbi məşqçi gəldisə, komanda heç bir ciddi uğur qazana bilmədi. Özümüzdə yaxşı məşqçilər var, onlara güvənmək lazımdır.
Məndən soruşsalar, məsləhət görərdim ki, Şahin Diniyevi götürsünlər. “Qəbələ”yə Şahin Diniyev kimi məşqçi lazımdır. Savadlı mütəxəssisdir, ölkə futbolunun potensialına yaxşı bələddir. O, “Qəbələ”nin akademiyasında yetişən gəncləri də üzə çıxarmaq bacarığında olan mütəxəssisdir. Həmin akademiyada hər il o qədər uşaq yetişir, ancaq bu uşaqları üzə çıxara bilmirlər. Ona görə də, indiki durumda bu komandanın hədəflərinə ən uyğun məşqçi Şahin Diniyevi hesab edirəm. Amma mən bu məsələdə yalnız məsləhət verə bilərəm. Klubun sahibi var və son qərar onun istəyinə uyğun veriləcək.
saytlarin hazirlanmasi