Azad Rəhimovdan millinin baş məşqçisiylə bağlı önəmli açıqlama

18:30 - 18 Noyabr 2014

"Namizədlər arasında ingilis, alman, xorvat və türk mütəxəssislər var"


"Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə kimin gətiriləcəyini hələ bilmirəm. AFFA ilə bir çox mütəxəssislə bağlı fikir mübadiləsi aparırıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Türkiyə mətbuatına açıqlamasında deyib.

 

2015-ci ildə Bakıda təşkil olunacaq Avropa oyunlarının tanıtım məqsədilə İstanbulda səfərdə olan nazir millimizin baş məşqçi vəzifəsinə namizədlər sırasında türkiyəli mütəxəssisin də olduğunu bildirib:

 

"Əsas məqsədimiz futbol fəlsəfəsi və mədəniyyətinə malik mütəxəssisi millinin baş məşqçi vəzifəsinə gətirməkdir. Çünki millimizi çalışdıracaq mütəxəssisin təkcə əsas komanda deyil, aşağı yaş qrupları və ölkə çempionatında çıxış edən klublarla da maraqlanmasını planlaşdırırıq. Namizədlər arasında ingilis, alman, xorvat və türk mütəxəssislər var".

 

Qeyd edək ki, türkiyəli mütəxəssislərdən Yılmaz Vural yerli mətbuata açıqlamasında Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizəd olduğunu bildirib. Lakin nazirin açıqlaması hələ söhbətin Y.Vuraldan getdiyi anlamına gəlməməlidir.

Xəbər xətti