Rəqəmlər danışır
Premyer Liqanın 12-ci turunda qeydə alınmış tamaşaçı sayına baxanda, bilmirsən futbolumuzun bu gününə güləsən, yoxsa ağlayasan.
Hesabat turunun bütün oyunlarını cəmi 5700 azarkeş izləyib. Bir neçə il əvvəl bu qədər azarkeş yalnız “Xəzər Lənkəran”la MOİK-in yoldaşlıq oyununa gəlirdi. İndi isə...
Adamın heç azarkeşləri qınamağa dili də gəlmir. Nəyə gəlib baxsınlar? Bu çempionatda baxılası nə isə qalıb ki?
Turun bütün oyunlarında hakim səhvləri, bəzilərində isə hətta dava-dalaşlar. Ən maraqlısı odur ki, bu işi boynuna götürən Ramin Musayev 6 ildir ki, hakimliklə bağlı problemləri həll edə bilmir və bu sahəyə nəzarəti heç cür əlindən buraxmaq da istəmir. Heç HK sədri də heç nə olmamış kimi vəzifəsində qalır.
“Simurq” - “Neftçi” (1:0) oyununu 3500, AZAL - “Qəbələ” (3:3) oyununu isə cəmi 200 tamaşaçı stadiondan canlı izləyib. Turun digər oyunlarından “Bakı” - “Qarabağ” (2:4) və “İnter” - “Xəzər Lənkəran” (3:1) qarşılaşmalarında 1000 azarkeş qeydə alınıb.
Çempionata olan maraq get-gedə ölür. Bunu guya o məntiqlə ediblər ki, maraq nə qədər az olsa, şikayətlər də az olacaq. PFL rəhbəri buna qismən nail olub. Bir neçə il əvvəl hansısa turda bu qədər rəzalət yaşansaydı, tam başqa mənzərə olardı. İndi isə susqunluqdu, yalnız rəqəmlər danışır.
Sportal.az
saytlarin hazirlanmasi