Oğuz Çetin: "Şiddətli problemlərlə üzləşdik"

20:13 - 24 Noyabr 2014

"Oyunçularıma demişdim ki, kart almaq olmaz"

 

Azərbaycan Premyer Liqasının XIII turuna “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə yekun vuruldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşmədi – 2-2.

Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çetin qarşılaşma haqqında bunları söyləyib:

 

“Xüsusi bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. “İnter”lə oyuna qədər qol epizodlarında daha kəsərli idik. Biz bu gün daha şiddətli problemlərlə üzləşdik. Çox rahat qələbə qazana bilərdik. Hesabı 2-1 etdiyimizə görə, 1 qolu da vurmalı və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım.  Oyunçularıma demişdim ki, kart almaq olmaz. Tounkara və Əfran İsmayılovun etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr bağışlanan deyil. Oyunçular bizimdir və bu liqanı bu oyunçularla davam etdirəcəyik. Amma istənilən halda, qərarlar veriləcək. Bu qədər ciddi  çalışmaların fonunda xətalara yer yoxdur. Oyunçular bunu bilsinlər. Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş görürəm. Amma insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir olmamalıdır. Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə “Fənərbağça” və “Qalatasaray” azarkeşləri necə aqressivdirlərsə, təəssüf ki, Azərbaycanda bu “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında var.  İstərdim ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunları dostluq şəraitində keçsin. Hakimliklə bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə gördük. Mən bu baxımdan hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim səhvləri oldu. Lakin qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm, nəticədə  hərəkətləri edən bizim futbolçularımız idi".

Xəbər xətti