Futbolçu ilə maraqlı müsahibə
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem milli.az saytına müsahibə verib.
Sportal.az sizə həmin müsahibəni təqdim edir:
- "Qarabağ"ı bir neçə dəfə Avropa Liqasının qrup mərhələsindən bir oyun ayırıb. Bu il artıq "Qarabağ" istədiyinə çatdı.
- Üç ildir ki, "Qarabağ"ın oyunçusuyam. Mən bura gəldiyim il "play off" oynamadıq. Bəzi klublar var, bir il istəyinə çatmayanda futbolçuları dəyişdirirlər, baş məşqçiləri dəyişdirirlər. Qurban müəllim 5-6 ildir ki, "Qarabağ"ın baş məşqçisidir. Qurban Qurbanov futbolçulara, rəhbərlik də ona güvənir. Bu qarşılıqlıdır. Bu klub və ailə olmaq deməkdir.
- "Tvente"yə qolu sən vurub, klubunu Avropa Liqasına çıxardın, bu, necə hiss idi?
- Biz klub olaraq bunu bacardıq. Klub oyunu oynadıq. Futbol həyatımda ilk dəfə belə bir şey oldu. "Tvente"yə vurduğum qol həm mənim üçün, həm də klubum üçün tarixi bir qol oldu. Hələ indiyə kimi elə sevinməmişdim. Hər futbolçunun arzusu və istəyidir belə şeylər.
- "Tvente" oyunundan qabaq inanırdız ki, yaxşı nəticə ilə dönəcəksiz?
- Biz hər zaman inanıb çıxırıq meydana. Oyundan öncə futbolçular arasında danışıqlar oldu. Paltardəyişmə otağında taxta var idi. Diaz ora yazmışdı ki, "mən bu kluba inanıram, mütləq qruplara düşəcəyik". Almeyda da gözəl bir çıxış etdi oyundan əvvəl. Birinci hissədə 1:0 uduzurduq, paltardəyişmə otağına girəndə isə, heç kim inancını itirməmişdi. Qurban müəllim də bizə güvəndiyini və inandığını dedi.
- "Dnepr"ə da sən qol vurdun. Bu qol da tarixi bir qol idi. Azərbaycan klubunun tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində qələbə qazandırdın.
- "Dnepr"ə qələbə qazanmaq üçün getmişdik desəm, yalan olar, ancaq dəqiq bilirdik ki, məğlub olmamağa getmişdik.
- "Dnepr"də qələbə arxayınçılığa səbəb olduğu üçün burada məğlub olduq?
- Arxayınçılıq olmadı. Ona görə ki, biz orada asan qələbə qazanmadıq. 60-70 dəqiqə müdafiə olunduq. "Dnepr", həqiqətən, səfərdə çox yaxşı oynayan bir klubdur. Bakıdakı oyunu çox istəyirdik qazanaq, ancaq alınmadı.
- Ötən sezonun çempionu, Avropa Liqasının qrup mərhələsindəsiz. Gələn sezon üçün nə planlaşdırırsız?
- Hər il daha çox şey istəyirik. Bu il Avropa Liqasında oynayırıq, gələn il də Çempionlar Liqasında oynamağı qarşımıza məqsəd qoymuşuq.
- Avropada oynayandan sonra ölkə çempionatımızda oynamaq necə təsir edir?
- Bizim üçün bu, həqiqətən, problemdir. Avropada oynayıb gəlib "Araz"la oyuna çıxdıq. 4:0 qazandıq, ancaq 100 faiz əminəm ki, oyunçular hamısı yüzdə-yüz oynamadı. 60-70 faizlə o oyunu qazandıq. Buna görə çox çətinlik çəkirik. Bir həftədə bir zəif oyun olur, bir güclü. Bir də tərəfdar məsələsi də var. Ölkə çempionatında oynayanda min nəfər olur, Avropada oynayanda 30 min nəfərdən çox.
- Başqa klubdan transfer təklifi gəlsə, gedərsən?
- Açığı yer dəyişmək o qədər də yaxşı şey deyil. Əslində, hal-hazırda belə bir şey fikirləşmirəm.
- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsən?
- Qardaşım, hesab-kitab aparmaq lazım deyil. İki oyunu da qazanmalıyıq. Yoxsa işimiz çətindir.
- Milli komandada işlərin necədir?
- Son oyunda məni çağırmamışdılar milli komandaya. Səbəbini də bilmədim heç. Milli komanda da ayrıseçkilik var.
- Ləqəbin nədir?
- Futbolçular məni "Miki" deyə çağırırlar.
- "Playstation"da futbol oynamaqla aran necədir? Diasla Reynaldo oyunun birini 10 manatdan oynayırlar.
- "Playstation" oynayıram, ancaq pulla yox. Çünki qumardı, abi. "PES 2014"də bizim klub da var. Orada özümü gücləndirirəm. Qolları da özüm vururam
saytlarin hazirlanmasi